Bakı. Trend:
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyevin AHİK-in qərargahında Qarabağ əlillərinin bir qrupu ilə görüş keçirib.
Konfederasiyadan Trend-ə verilən məlumata görə, qarşıdan gələn Novruz bayramı münasibətilə Qarabağ əlillərini təbrik edən AHİK sədri onların hər birini ayrı-ayrılıqda dinləyib, güzəranları, iş, məişət qayğıları ilə maraqlanıb.
Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemlərinin həmişə həmkarlar ittifaqlarının diqqətində olduğunu bildirən S.Mehbalıyev həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir həmvətənimizin problemlərinə həssaslıqla yanışıldığını, həllinə köməklik göstərildiyini görüş iştirakçılarının nəzərinə çatdırıb.
S.Mehbalıyev onlara bildirib ki, bundan sonra da hər hansı bir məsələ, problemlə bağlı Qarabağ əlillərinin, digər aztəminatlı ailələrin müraciətləri olduqda onlara hər cür köməklik və yardım göstəriləcək.
Görüşdə iştirak edənlər göstərilən qayğı və diqqətə görə AHİK sədrinə öz minnətdalıqlarını bildirdilər. Görüşün sonunda Qarabağ əlillərinin hər birinə bayram nünasibətilə maddi yardım göstərildi.