Bakı. Trend:
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, seminar müddətində təlimçilər NATO-nun müxtəlif əməliyyatları zamanı, o cümlədən sülhməramlı əməliyyatlarda qazanılmış və digər təcrübələrə əsasən, hərbi qulluqçularla əməliyyatların keçirilmə rayonuna açılmamışdan əvvəlki və geri qayıtdıqdan sonrakı dövrlərdə aparılan işlər, yoluxucu xəstəliklərin immunoprofilaktikası və izlənilməsi, çöl-səhra şəraitində sanitar-gigiyena tədbirləri və digər mövzularda məlumatlar təqdim olunacaq və müzakirələr aparılacaq.