...

Sabah Bakıda “Turizm və Səyahətlər” sərgisi keçiriləcək

Cəmiyyət Materials 6 Aprel 2016 16:19 (UTC +04:00)
Sabah Bakıda Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF” 2016) sərgisi keçiriləcək.
Sabah Bakıda “Turizm və Səyahətlər” sərgisi keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Sabah Bakıda Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər" ("AITF" 2016) sərgisi keçiriləcək.

Aprelin 9-dək davam edəcək sərginin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər.

Trend-in məlumatına görə, Trend İnformasiya Agentliyinin Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında çıxış edən "Iteca Caspian"ın icracı direktoru Fərid Məmmədov bildirib ki, "AITF-2016" sərgisində fərqli turizm istiqamətlərini təqdim edən dünyanın 40 ölkəsindən 200-dən artıq şirkətin iştirakı planlaşdırılır. Belarus, Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro (Çernoqoriya), Çexiya və Ukrayna öz ölkələrinin turizm potensialını və koloritini parlaq şəkildə nümayiş etdirmək məqsədi ilə sərgidə milli pavilyonlar ilə çıxış edəcəklər. Sərgidə Stavropol vilayəti və Yurmala kimi regionlar da ayrıca stendlərlə nümayiş olunacaqlar. Bundan başqa, sərgidə ABŞ, İordaniya, İsveçrə, Latviya, Maldiv adaları, Rusiya, Sloveniya, Yunanıstan və digər ölkələrin turizm şirkətləri və otellərinin iştirakı gözlənilir. Builki sərgi iştirakçıları arasında Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra xarici səfirliklər, o cümlədən ticarət palataları da yer alır. Ənənəvi olaraq, Azərbaycan Turizm Assosiasiyasının ("AZTA") stendində Azərbaycanın turizm şirkətləri, otel və sanatoriyaların təklifləri ilə tanış olmaq mümkün olacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi və ölkə regionlarının ənənəvi ekspozisiyaları çərçivəsində isə Azərbaycanın daxili turizm potensialı bütün çalarları ilə təqdim olunacaq.

F.Məmmədov deyib ki, ilk dəfə olaraq Baki Ekspo Mərkəzində AITF 2016 sərgisi çərçivəsində eksponentlərə sərginin işgüzar və yaradıcı ab-havasından maksimum faydalanmağa imkan yaradan "workshop" təşkil olunacaq. Eksponentlər "workshop" çərçivəsində vasitəçilər olmadan, birbaşa danışıqlar aparmaq, işgüzar əlaqələr qurmaq imkanlarından yararlana biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti