...

"Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" mövzusunda dəyirmi masa keçirilir

Cəmiyyət Materials 7 Aprel 2016 11:36 (UTC +04:00)
Azərbaycan Müəllif Hüquqları Agentliyinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masa keçirilir.
"Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" mövzusunda dəyirmi masa keçirilir

Bakı. Trend:

Azərbaycan Müəllif Hüquqları Agentliyinin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" mövzusunda dəyirmi masa keçirilir.

Dəyirmi masa müasir dövrdə elm və mədəniyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri hesab edilən plagiatçılıq, yəni əqli oğurluq, onun müxtəlif təzahür formaları və bu sahədə aparılan mübarizə tədbirləri mövzularına həsr olunub.

Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq, sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir. Plagiata istər tələbələrin elmi işlərində, istərsə də monoqrafiya, məqalələr və dərsliklərdə rast gəlmək mümkündür, hətta nazirlər və digər dövlət işçiləri, eləcə də siyasətçi və iş adamlarının da plagiatla suçlanma hallarına təsadüf edilir.

İnnovativlik və yaradıcılıq nəticələri mövcud biliklər əsasında əmələ gələrək, yeni biliklərlə nəticələnir. Bunlar insanların tükənməz yaradıcılıq imkanlarına əsaslanır və bu kimi keyfiyyətlərin inkişaf etdirilməsi elm və təhsil sistemlərinin ən ümdə məqsədidir.

Yaranan zaman qeyri-maddi olan ideyalar, elm, ədəbiyyat və incəsənət əsərləri obyektiv formada ifadə olunaraq, əqli mülkiyyət vasitəsilə qorunur. "Əqli mülkiyyət" anlayışında maddi formaya çevrilmiş əqli fəaliyyət nəticələrinin dəyəri qabarıq göstərilir və "əql" və "mülkiyyət" terminləri birləşərək, "mülkiyyət" sözü altında yaradıcı şəxsə verilən müstəsna hüquqlar və məxsusluğu nəzərə çatdırır və beləcə, əşya mülkiyyəti anlayışını tamamlayır.

Plagiat heç bir yeni bilik yaratmır, əksinə, kiminsə əqli nəticəsini özününküləşdirir, mülkiyyətini mənimsəyir, oğurlatdırır. Plagiatı yalnız müəllif-hüquq pozuntusu, kiminsə intellektual məhsuluna, zəka yaradıcılığına, əqli fəaliyyətinə hörmətsiz və təcavüzkar yanaşma kimi qiymətləndirmək tam olmazdı. Plagiatın elm və təhsil təsisatlarına endirdiyi zərbə bilik sisteminin əsaslarını sarsıdır, ona inamı qırır, şübhə və ədalətsizliyi yayır və bununla da cəmiyyətə və dövlətə heç bir müqayisəsi olmayan ziyan vurur.

Gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə bağlı olması naminə plagiatçılıq ilə mübarizə güclənməlidir. Plagiata qarşı çıxmaq kreativliyə və yenilikçiliyə zidd olan, cəmiyyətin inkişafına və sağlam əhval-ruhiyyəyə sipər olan fenomen ilə mübarizə deməkdir.

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamına uyğun olaraq, "Azərbaycan dilində antiplagiat sisteminin yaradılması" nəzərdə tutulmuşdur və təşkil olunan dəyirmi masa həmin istiqamətdə atılan addımlara təkan vermək məqsədi daşıyır.

Vacib məqamlardan biri də bir sıra qanunvericilik aktlarında, o cümlədən Cinayət Məcəlləsində plagiatın əşya oğurluğu kimi cinayət tərkibi yaratması və əqli mülkiyyət hüququnun pozuntusunun xarakteri, eləcə də zərərçəkənə dəymiş ziyan vasitəsilə müəyyənləşdirilməsidir.

Çoxmənalı "plagiat" anlayışı "özgə əsərin müəllifliyinin qəsdən mənimsənilməsi və ya öz əsərində digərinin əsərindən istinadsız istifadəsi" kimi başa düşülməli və bununla da plagiatın qanunla cəzalandırılan hüquqi aspektləri ilə yanaşı, cəmiyyətə böyük zərər gətirən digər tərəfləri də nəzərə alınmalıdır.

Plagiatın yaranma səbəbləri sırasında son dövrlərdə İnternetin açıqlığı və əlçatımlığı, asanlıqla rəqəmli mətnlərin surətçıxarılması göstərilir. Lakin müəyyən mütəxəssislər bu fenomenin yayılmasının sosial kökləri çərçivəsində cəmiyyətdə üstünlüklər və sosial fərqlilikləri saxta yollarla qazanmaq istəyən və buna yatırım edən bir sıra varlı adamların olması reallığını da dilə gətirirlər. Mədəni-tarixi aspektdən baxdıqda isə plagiatın həcminin artmasını imitasiya, saxtalaşdırma yolunu istifadə edən, inkişafdan geri qalan iqtisadiyyatlarla əlaqələndirirlər.

Lakin bu mənfi tendensiyanın araşdırılması üçün plagiatın akademik köklərinə də diqqət yetirmək vacibdir. İlk növbədə "bilik" anlayışının müəyyən deformasiyası və hal-hazırda daha çox "elmi iş", yəni biliklərin aşkarlanıb əldə edilməsi və yoxlanması əvəzinə, onların hazır məhsul kimi tanınması qeyd edilməlidir. Bununla yanaşı, müasir təhsildə "bilik" və "praktiki vərdişlər" arasındakı sərhədlərin itməsi da müəyyən mənfi rola malikdir.

Plagiatın tələbələr arasında yayılma miqyası haqqında ABŞ-dakı xüsusi tədqiqatın gəldiyi nəticə belədirr: "80% tələbələr etiraf edir ki, azı bir dəfə köçürtmə ilə məşğul olur, 36% - daima köçürdür, 90% isə əmindir ki, plagiatları heç zaman müəyyən olunmayacaq".

Rusiya mənbələrində isə ("Dissernet" şəbəkəsi) göstərilir ki, son illərdə (2014-cü ilin noyabr ayı daxil olmaqla) 2300 müstəqil yazılmamış dissertasiya aşkarlanmışdır və bunların 1000-ə qədəri iqtisadi elmlərin payına düşür. Həmin mənbənin məlumatına əsasən, yalnız 2000-2010-cu illərdə Rusiya Humanitar Universitetində 60 dissertasiya işində qeyri-korrekt mənimsənilmələr üzə çıxmışdır.

Azərbaycanda da bu problemin mövcudluğunu danmaq mümkün deyil. Xüsusilə də elm, dərslik və musiqi sahəsində plagiatçılıq halları ölkəmizdə daha geniş yayılmışdır. Son dövrlərdə Agentlik tərəfindən 52 plagiat faktı araşdırılmışdır ki, onların da 9-u 2015-ci ilə təsadüf edir.

Aparılan mübarizə tədbirlərinə gəldikdə isə qeyd ediməlidir ki, hazırda plagiatın aşkarlanmasında İnformasiya Texnologiyalarının rolu danılmazdır. Müxtəlif növ kompüter antiplagiat proqramları və internet-servisləri bir sıra müasir model və alqoritmlər əsasında plagiatı aşkarlamağa imkanlar yaradır. Azərbaycanın bir neçə ali təhsil müəssisəsi artıq bu proqram sistemlərinin icarəçi qismində istifadəçiləridir və bu sistemlərin geniş istifadəsi Agentlik tərəfindən hər zaman dəstəklənir. Bununla belə, ölkədə milli antiplagiat sisteminin yaradılmasın da ehtiyac vardır. Qeyd edilməlidir ki, Müəllif Hüquqları Agentliyi müəllif-hüquq qanunvericiliyi nöqteyi-nəzərindən sistem üçün ümumi prinsipləri, alqoritmləri və tələbləri hazırlamışdır.

Eyni zamanda, proqram təminatının texniki şərtləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri də artıq hazırdır. Mövcud dünya təcrübəsi də nəzərə alınmaqla Elmlər Akademiyasının müvafiq strukturları ilə birgə bunların əsasında mərkəzləşmiş biliklər bazası, daha doğrusu, rəqəmli əsərlərin saxlanma yeri və antiplagiat informasiya axtarışı sistemi yaradılması işinə start verilməsinə xüsusi diqqət yetirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti