...

Nazir müavini: Sarıcalılar kəndindəki məktəb mərmi düşməsi nəticəsində yararsız hala düşüb

Cəmiyyət Materials 7 Aprel 2016 13:09 (UTC +04:00)
Ağdamın Sarıcalılar kəndində olan məktəb mərmi düşməsi nəticəsində yararsız hala düşüb.
Nazir müavini: Sarıcalılar kəndindəki məktəb mərmi düşməsi nəticəsində yararsız hala düşüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ağdamın Sarıcalılar kəndində olan məktəb mərmi düşməsi nəticəsində yararsız hala düşüb.

Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə deyib.

Onun sözlərinə görə, vəziyyət bir qədər səngiyəndən sonra həmin məktəbdə təmir-bərpa işləri həyata keçiriləcək.

C.Bayramov bildirib ki, bir sıra digər kəndlərdə yerləşən məktəblərə də ziyan vurulub: "Yaxın ərazilərdə mərmilərin partlaması nəticəsində məktəblərdə pəncərələrin dağılması, sınması faktları da var. Gündəlik operativ məlumat alırıq və buna uyğun qərar verilir".

C.Bayramov deyib ki, hərbi əməliyyatlar başlayan günlərdə cəbhə bölgəsinə yaxın ərazilərdə yerləşən məktəblər barədə mütəmadi olaraq rayon təhsil şöbələrindən məlumatlar əldə olunub, 28 məktəbdə tədrisin dayandırılması barədə qərar qəbul edilib.

Onun sözlərinə görə, bu qərar insanların həyatını təhlükə altına atmamaq üçün qəbul olunub: "Həm şagirdlərin, həm də müəllimlərin oradan çıxarılması barədə qərarlar qəbul edilib. Təhsil Nazirliyi tərəfindən təhsil şöbələrinə tapşırıqlar verilib ki, həmin şagirdlər üçün tədris onların müvəqqəti köçdükləri digər yaşayış məntəqələrindəki məktəblərdə təşkil olunsun. Hesab edirik ki, 2 gün öncə atəşkəsin əldə olunması ilə əlaqədar növbəti günlərdə insanlar bir çox məktəblərə qayıdacaq və tədris tam bərpa olunacaq".

Nazir müavini qeyd edib ki, Sarıcalılar kəndinə düşən mərmi nəticəsində məktəblərdə xəsarət alan şəxslər olmayıb: "Çünki bu, dərs saatı ərzində baş verməyib. Sadəcə, cəbhə bölgəsinə yaxın ərazidə həyətyanı sahəyə düşən mərmi nəticəsində 13 yaşlı bir şagird yaralanıb. O xəstəxanaya yerləşdirilib, vəziyyəti yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti