Bakı. Samir Əli-Trend:
Bu gün Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Asif Yusiflinin kassasiya şikayətinə baxılıb.
Bu barədə Trend-ə A.Yusiflinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, prosesdə şikayət araşdırılıb və məhkəmə şikayəti qismən təmin edib. Qərara görə, A.Yusiflinin cəzası 1 il 6 ay azaldılaraq 6 ilə endirilib.
İttihama görə, A.Yusifli Fəridə Zülfüqarova adlı bir zərərçəkənin şikayəti əsasında həbs olunub. Onun 6 min 500 manatını mənimsədiyi iddia olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən A.Yusiflini 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hökm Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvəsində saxlanılmışdı. Qərarla razılaşmayan A.Yusifli kassasiya şikayəti verib və bəraət tələb etmişdi.