...

Həbsdə olan generalın işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 6 İyun 2016 17:04 (UTC +04:00)
İş üzrə məhkəmənin vaxtı müəyyənləşib.
Həbsdə olan generalın işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərovun barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Bu barədə Trend-ə V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev məlumat verib.

Vəkil bildirib ki, artıq iş Naxçıvan Hərbi Məhkəməsinə göndərilib və iş üzrə məhkəmənin vaxtı müəyyənləşib: "Məhkəmə iyunun 8-nə təyin edilib. Hələlik Vəli Ələsgərovla görüşə bilməmişik. Yəqin ki, məhkəmədə görüşəcəyik".

Vəkil bildirib ki, V. Ələsgərov hazırda Penitensiar Xidmətin Naxçıvan İstintaq Təcridxanasında saxlanılır.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti