...

Sabiq milli təhlükəsizlik nazirinin vəkillərinin vəsatətləri təmin edilmədi

Cəmiyyət Materials 8 İyun 2016 13:17 (UTC +04:00)
Naxçıvan Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq milli təhlükəsizlik nazirinin vəkillərinin vəsatətləri təmin edilmədi

Bakı. Samir Əli - Trend:

Naxçıvan Hərbi Məhkəməsində hakim Qasım Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Vəkil Tofiq Allahverdiyevin Trend-ə verdiyi məlumata görə, iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib: "İclasda biz vəkillər cinayət işində olan bəzi sənədlərin surətinin bizə verilməsi, hazırlıq iclasının təxirə salınması, hazırlaşmaq üçün vaxt verilməsi barədə vəsatətlər qaldırsaq da, hakim vəsatətləri təmin etmədi və iş üzrə məhkəmə baxışı iyunun 13-nə təyin edildi. Biz bildirdik ki, Vəli Ələsgərovun hüquqları pozulub və sənədləri təqsim etsinlər ki, onun müdafiə hüququnu təmin edək. Hakim isə vəsatətləri rədd etdi".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri, general-leytenant V.Ələsgərovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti