...

Qürur mənbəyimiz - ordumuz (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 16:22 (UTC +04:00)
1918-ci il iyunun 26-da – Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusu yaradılıb.
Qürur mənbəyimiz - ordumuz (FOTO)

1918-ci il iyunun 26-da – Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusu yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. Ulu öndərin imzaladığı bu Fərman tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım idi.

Bu gün Azərbaycanda Silahlı Qüvvələr müasir hərbi texnika ilə təchiz edilib, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə gərəkli zərbə vurmağa qadir olan bir ordumuz var. Aprelin ilk günlərində cəbhədə hərbi vəziyyətin gərginləşməsi ordumuzun gücünü bir daha göstərdi və hər bir vətəndaş o günlərdə daha çox nəzərə çarpan xalq-ordu birliyinin canlı şahidi oldu.

Ordumuzda döyüş ruhunu artıran, əsgərlərimizin vətənpərvərlik ovqatını yüksəldən əsas amillərdən biri ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə etdiyi səfərlərlə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu da fəaliyyətə başladığı vaxtdan gənclərin və yeniyetmələrin vətən sevgisini cilalamaq, onlara ruh yüksəkliyi aşılamaq məqsədilə müxtəlif hərbi hissələrdə şəxsi heyətlə görüşlər təşkil edir.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi və iştirakı, Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Beyləqan və Xocavənd rayonlarında keçirilən "Kitabi Dədə-Qorqudun izi ilə" adlı silsilə tədbirlər çərçivəsində layihə iştirakçıları Beyləqanın N saylı hərbi hissəsində əsgər və zabitlərlə görüşüblər.

Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşlarına, Bakı Slavyan Universitetinin, Elitar Gimnaziyanın, Qəbələ rayonu Nic kənd tam orta məktəbinin müəllim, tələbə və şagirdlərinə, Beyləqan və Xocavənd məktəblilərinə döyüş silahları və hərbi sursatların təyinatı, onlardan istifadə qaydaları barədə məlumat verilib.

Layihə iştirakçıları hərbi hissədə əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlarla birgə nahar ediblər. Hərbi hissəyə Bilik Fondunun hazırladığı sovqat və hədiyyələr, kitablar təqdim olunub. Xüsusi təyinatlı qrup döyüş bacarığını göstərib.

Akademik Kamal Abdullayev Azərbaycanın gündən-günə artan hərbi qüdrətindən bəhs edib. Bildirib ki, Azərbaycan əsgərinin rəşadəti, əsrlərdən gələn daxili cəsarəti “Kitabi-Dədə Qorqud” dastanından, Nizami, Füzuli kimi şairlərdən bəhrələnmələri hesabınadır.

O görüşdən xeyli vaxt keçsə də layihəyə qatılan şagird və tələbələr əsgərlərimizlə keçirdikləri maraqlı anları yaddan çıxarmayıblar.

Bilik Fondunun 2014-cü ilin sentyabrından start götürən “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbinin şagirdləri Bərdə rayonuna səfər edərkən Bərdə türbəsi, Heydər Əliyev və Qəhrəmanlar parklarında olublar. Məktəblilər Ak.Z.Əliyeva adına məktəbdə müxtlif viktorinalar, maraqlı diskussiyalardan sonra Dövlət Bayrağı Meydanını ziyarət edib, hərbi hissədə vətənimizin keşiyində duran əsgərlərlə görüşüblər.

Bilik Fondu mütəmadi olaraq, ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin Hərb Tarixi Muzeyinə ekskursiyalarını təşkil edir.

Bu tədbirlər gənclərin hərb tariximizi əyani surətdə öyrənmələrinə kömək edir, onlarda vətənpərvərlik duyğularının artmasına zəmin yaradır.

Fond Qaradağ rayonu 139 nömrəli tam orta məktəbin X sinif şagirdlərini, Nardaran qəsəbəsindəki 295 və 130 nömrəli tam orta məktəb şagirdlərini, Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin X və XI sinif şagirdlərini, eləcə də “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçıları olan digər məktəbliləri də hərb tariximizlə yaxından tanış edib. Muzeyin hərb tariximizin ayrı-ayrı dövrlərini özündə etiva edən geniş zallarında Səfəvi dövlətindən tutmuş bu günə qədər hərb tariximiz əyani vasitələrlə “yazılıb”.

Muzeydə Azərbaycanın hərb tarixi şagirdlərin gözləri önündə canlanır. Azərbaycanın ilk generalları haqqında məlumat verən bələdçini maraqla dinləyən şagirdlər muzeydə onların mundirlərini görüb, müxtəlif dövrlərdə istifadə edilən silahlarla da tanış olublar. Sovet İttifaqı Qəhrəman general Həzi Aslanovun və Qarabağ döyüşlərində şəhid olan Milli Qəhrəmanı Albert Aqarunovun idarə etdiyi tankları görmələri, hər iki qəhrəmanın döyüş yolu haqqnda bələdçinin dedikləri ziyarətçilərin bilgilərini zənginləşdirib.

Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində nümayiş olunan 130-a yaxın hərbi texnika da məktəblilərin ən çox maraqlandığı ekspozisiya olub.

Bilik Fondu və Milli Aviasiya Akademiyasının birgə təşkilatçılığı ilə II Fəxri Xiyabanda şəhid pilotların anım mərasimi keçirilib. Mərasimdə Fondun aparat rəhbəri İsaxan Vəliyev, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Milli Aviasiya Akademiyasının, Müdafiə Nazirliyinin müvafiq strukturlarının nümayəndələri, kursantlar, tələbələr və Fondun Könüllülər Birliyinin üzvləri iştirak ediblər. Tədbir iştirakçıları II Fəxri xiyabanda mayorlar Təbriz Mustafazadə, Urfan Vəlizadə və baş leytenant Bəkir İsmayılovun məzarlarına çiçək dəstələri düzüblər.

Bilik Fondu, Şuşa Musiqili Dram Teatrı və Şuşa rayon İcra hakimiyyəti ilə birgə "Vətən dərsi" adlı layihəsinə start verilib. Layihənin məqsədi veteranların və hərbçilərin iştirakı ilə məktəblilərdə və gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə tədbirlər keçirməkdir.

Layihə çərçivəsində müxtəlif təşkilatlarda, ali və orta ixtisas məktəblərində Şuşa Teatrının bir dərs saatı həcmində hazırladığı ədəbi-bədii kompozisya nümayiş edilir. Bu silsilədən Yasamal rayon 53 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin sədri Bəhram Şeydayev və Cəmiyyət üzvləri, Yasamal rayonunun 53, 153, 173, 225, 21 saylı orta məktəblərinin şagirdləri, müəllimləri və BDU-nun tələbələri iştirak ediblər.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına bağçalardan, orta məktəblərdən başlanması vacibdir. Heç şübhəsiz, vaxtaşırı belə tədbirlərdə iştirak edən məktəblilər, tələbələr torpaqlarımız və azadlığımız uğrunda qurban gedən şəhidlərimizi unutmacaqlar, sabahın layiqli əsgəri, vətəndaşı kimi yetişəcəklər.

Xatirə Hüseynova,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri, fəlsəfə doktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti