...

Həbsdə olan MTN generalının ailəsilə görüşünə icazə verildi

Cəmiyyət Materials 16 İyul 2016 12:09 (UTC +04:00)
Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəməkdə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ailə üzvləri ilə görüşünə icazə verilib
Həbsdə olan MTN generalının ailəsilə görüşünə icazə verildi

Bakı. Samir Əli-Trend:

Vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəməkdə təqsirləndirilərək 14 il azadlıqdan məhrum edilən, Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ailə üzvləri ilə görüşünə icazə verilib.

Bu barədə Trend-ə V.Ələsgərovun vəkili Tofiq Allahverdiyev məlumat verib.

Vəkil bildirib ki, V.Ələsgərov barəsində məhkəmə hökmü çıxarılandan sonra onun qanunvericiliyə uyğun olaraq ailə üzvləri ilə görüşü bərpa edilib: "Məhkəmə qərarından sonra Vəli Ələsgərov qardaşı ilə bir neçə dəfə görüşüb. Hazırda Vəli Ələsgərov saxlanma şəraiti və səhhətindən şikayətçi deyil. Onun saxlanma şəraiti normaldır. Lakin, ona kənardan ərzaq qəbul etməsinə icazə verilmir. Bunun səbəbi isə məhbusun təhlükəsizliyinin təmin edilməsi, zəhərlənmə və digər xoşagəlməz hallardan qorunmasıdır".

V.Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.

Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qərarla razılaşmayan V. Ələsgərov Naxçıvan Apelyasiya Məhkəməsinə şikayət edib və bəraət istəyib. Hələlik apelyasiya şikayətinə baxılacaq vaxt müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti