Bakı. Trend:
Bu ilin 6 ayı ərzində Bakıda 26 küçə və prospekt təmir edilib.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Trend-ə daxil olan məlumatda belə deyilir.
2016-cı ilin birinci yarısı ərzində “Azəravtoyol” ASC tərəfindən Bakıda ümumi uzunluğu 31,9 kilometr, yol örtüyünün sahəsi 331,9 min kv.m olan Binəqədi, Nizami, Xətai, Yasamal, Nərimanov, Nəsimi, Səbail, Suraxanı, Qaradağ və digər rayonlarda 26 adda prospekt və küçə yenidən qurulub və təmir olunub.
Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 157, 2 min kv.m sahədə cari təmir işləri yerinə yetirilib.
Ümumilikdə respublika üzrə uzunluğu 230,0 km olan avtomobil yolları, prospekt və küçələr yenidən qurulub və təmir olunub. Onlardan 135,7 km-i respublika əhəmiyyətli, 62,4 km-i yerli əhəmiyyətli, 31,9 km-i isə Bakı şəhərinin yollarıdır.
Cari ilin 6 ayı ərzində ümumilikdə “Azəravtoyol” ASC üzrə 465,4 min ton asfalt-beton istehsal edilib, 25,6 min ton bitum və 1,9 min ton mazut istifadə edilib.