...

Həbsdə olan sabiq nazir Bakıya köçürülmək üçün müraciət etdi

Cəmiyyət Materials 10 Oktyabr 2016 17:26 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıya köçürülmək istəyir.
Həbsdə olan sabiq nazir Bakıya köçürülmək üçün müraciət etdi

Bakı. Samir Əli - Trend:

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov Naxçıvan cəzaçəkmə müəssisəsindən Bakıya köçürülmək istəyir.

Bu barədə Trend-ə V.Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil bildirib ki, o, V.Ələsgərovun Bakıya köçürülməsi üçün aidiyyəti qurumlara müraciət edib: "Qanunvericiliyin tələblərinə görə, Vəli Ələsgərov Bakıya köçürülə bilər. Bunun üçün biz Ədliyyə Nazirliyinə, Naxçıvan Penitensiar Xidmətinə və digər aidiyyəti qurumlara müraciət etrmişik. Lakin Naxçıvan Penitensiar Xidməti Vəli Ələsgərovun Bakıya köçürülməsini məqsədəuyğun hesab etməyib. Səbəb kimi göstəriblər ki, Vəli Ələsgərovun qohumları Naxçıvan Muxtar Respublikasında yaşayırlar, lakin ailəsi bu vaxta qədər onunla görüşməyib".

Qeyd edək ki, Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə V.Ələsgərov 14 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 309.1-ci (Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham olunub.

Hökmdən apelyasiya şikayəti verilsə də, Naxçıvan Ali Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti