Bakı. Samir Əli - Trend:
Yük qatarının 3 vaqonunun təkər cütlərinin çıxması nəticəsində Bakı-Tbilisi dəmir yolu xəttində yaranmış problem aradan qaldırılıb.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
O qeyd edib ki, artıq yolun hər iki tərəfində qatarların normal hərəkəti bərpa edilib:
"Oktyabrın 19-u axşam saatlarında yolun hər iki tərəfində hərəkət bərpa edilib. Hazırda yolda hərəkət normaldır".Xatırladaq ki, oktyabrın 18-də Tbilisidən Bakı istiqamətinə gələn yük qatarı Zəyəm stansiyasına daxil olarkən 3 vaqonun təkər cütləri çıxmışdı. Qatar stansiyaya daxil olarkən sürəti az olduğundan vaqonlar aşmayıb. Hadisə nəticəsində yolda birtərəfli hərəkət təmin edilsə də, ikinci yolda hərəkət dayandırılmışdı. Qəzada zərər çəkən olmayıb.