...

Gənclərdə vətənpərvərlik ruhunun yüsəldilməsi ilə bağlı layihəyə start verilib

Cəmiyyət Materials 24 Noyabr 2016 14:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş “MƏN VƏTƏN TORPAĞI, VƏTƏN DAŞIYAM” adlı layihə start götürüb.
Gənclərdə vətənpərvərlik ruhunun yüsəldilməsi ilə bağlı layihəyə start verilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş "Mən Vətən torpağı, Vətən daşıyam!" adlı layihə start götürüb. Layihə Müdafiə Nazirliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə baş tutacaq. Gənclərdə vətənpərvərlik ruhunun yüsəldilməsi ideyasını əsas məqsəd götürən layihə ixtisasından asılı olmayaraq Azərbaycan gəncliyinə doğru yönəlib.

Layihə rəhbəri İlahə Qismətin verdiyi məlumata görə, tədbirdə tanınmış şəxslərin iştirakı gözlənilir. Layihə çərçivəsində hərbçi simalarla görüş gənclərdə vətənpərvərlik duyğularının artırılmasında əhəmiyyətli rol oynayacaq. Vətənə ömrünü həsr etmiş şəxslərin dilindən maariflənmək gənclərimizin gələcək həyatına işıq salacaq və bu əlamətdar gün onların yaddaşında iz qoyacaqdır.

Müasir dövrdə gənc nəslin maraq dairəsinə daxil olan musiqi, onların psixologiyasını formalaşdıran bir vasitədir. Bu təsir qüvvəsindən düzgün istiqamətdə yararlanmaq əhəmiyyətli rol oynayır. Layihə çərçivəsində iştirakçılar həm tanınmış, professional, xalq artistlərinin və əməkdar artislərin, həmçinin də gənc musiqiçilərin ifasında sevilən marş və vətənpərvərlik mahnıları eşidəcəklər. İfa olunacaq əsərlər sırasında yetişməkdə olan gənc bəstəkar və şairlərin vətənpərvərliyə həsr olunmuş əsərləri də yer alacaq. Gənc musiqiçilərin marş və mahnıları geniş auditoriyada təbliğ olunacaq və tanınacaq. Bu isə gənclərin vətənpərvər musiqilərə olan marağını stimullaşdıracaq.

Layihə 25 noyabr 2016-cı il saat 16.00-da Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (ünvan: Bakı şəh. akademik Ş.Mehdiyev küç.76) keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti