...

Uşaq evlərində “Ekoloji laboratoriya” təşkil olunub (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2016 16:07 (UTC +04:00)
3, 10 və 17 dekabr tarixlərində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində silsilə təlimlər keçirilib.
Uşaq evlərində “Ekoloji laboratoriya” təşkil olunub  (FOTO)

Bakı. Trend:

3, 10 və 17 dekabr tarixlərində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Zirə Mədəniyyət Mərkəzində yerləşən Resurs Mərkəzində silsilə təlimlər keçirilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu dəfəki layihədə 1, 2 və 3 nömrəli uşaq evində məskunlaşmış 100 nəfərə yaxın 6-11 yaşlı uşaqlar iştirak edib.

“Yer kürəsi və yeni il”ə həsr olunan təlimlər zamanı “kiçik ekoloqlar”a planetimiz haqqında maraqlı faktlar, qış fəslində təbiətdə baş verən dəyişikliklər, qar, onun quruluşu və yaranma prosesi, iqlim dəyişməsi və onun ətraf mühitə təsirləri barədə geniş məlumat verilib, eləcə də ətraf mühitə zərər yetirmədən Yeni il küknarının hazırlanması və bəzədilməsi izah olunub.

Təlimin gedişində uşaqlar bir sıra laboratoriya sınaqlarının, o cümlədən onların böyük marağına səbəb olan quru buzla ekperimentlərin keçirilməsində iştirak edib. Daha sonra onlar üçün Zirə Mədəniyyət Mərkəzində tur və maraqlı əyləncələr təşkil olunub.

Laboratoriya təlimləri uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də onların kiçik yaşlarından ekoloji biliklərə sahib olmaları baxımından da əhəmiyyətlidir.

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı 1, 2 və 3 nömrəli uşaq evinin kiçik ekoloqlarına Yeni il hədiyyələri təqdim edib.

Qeyd edək ki, 2015-ci ilin yanvar ayından həyata keçirilən “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində hər ay mütəmadi olaraq iqlim dəyişmələri və qlobal istiləşmə, “yaşıl şəhər”, tullantılar və onların təkrar emalı, ilin fəsilləri və ağaclar, atmosfer çirklənməsi, ekoloji təmiz və sağlam qida, suyun xüsusiyyətləri və onun qorunması, enerji və ona qənaət, heyvanlar və onlara qayğı kimi müxtəlif ekoloji mövzuları əhatə edən təlimlər keçirilib. İki il ərzində ümumilikdə, 500-dən çox uşaq laboratoriyanın qonağı olub.

IDEA İctimai Birliyinin Resurs Mərkəzlərində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da növbəti ildən iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti