Bakı. Trend:
Yanvarın 25-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun yarımadada gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-9° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.