...

"Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində rayonlarda seminarlar keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Mart 2017 09:50 (UTC +04:00)
IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində Azərbaycanın bir neçə rayonunda yerli sakin və ovçular üçün seminarlar keçirilib.
"Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində rayonlarda seminarlar keçirilib (FOTO)

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində Azərbaycanın bir neçə rayonunda yerli sakin və ovçular üçün seminarlar keçirilib. Seminarlar martın 7-də İsmayıllı, martın 9-da Masallı və martın 11-də isə Sabirabad rayonunda təşkil edilib.

IDEA-dan Trend-ə verilən məlumata görə, seminarda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Regional İnkişaf İctimai Birliyi, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF Azerbaijan) nümayəndələri, eləcə də ətraf mühit üzrə müstəqil ekspertlər iştirak ediblər.
Seminar iştirakçıları layihənin mahiyyəti, ov mövsümü və ovçuluq haqqında qanunlar, Azərbaycan təbiəti, qanunsuz ovçuluq və tətbiq edilən cərimələr, ovçuluqda etik qaydalar, Qırmızı Kitaba daxil olan və ov əhəmiyyətli heyvanlar haqqında təqdimatlar keçirib və müzakirələr aparıblar.
Qeyd edək ki, seminarın praktiki hissəsi ovçuların iştirakı ilə İmişli rayonu ərazisində yerləşən "Sarısu" Ovçuluq Təsərrüfatında baş tutub.

Sırf atıcılığa olan marağa görə fauna növlərimizin öldürülməsinin qarşısını almaq üçün, praktiki hissə zamanı ovçulara Novxanı və Qəbələdə fəaliyyət göstərən atıcılıq mərkəzləri haqqında məlumat verilib. Onlara bu atıcılıq mərkəzlərində fauna növlərinə zərər yetirmədən də asudə vaxtlarını maraqlı keçirə biləcəkləri izah olunub. Qeyd edək ki, sözügedən atıcılıq mərkəzlərinin digər rayonlarda da açılması nəzərdə tutulub. Ümumilikdə, seminarlara 200 nəfərə yaxın ovçu və yerli sakin qoşulub.

"Məsuliyyətli ovçuluq" adlı ictimai maarifləndirmə layihəsinə 2016-cı ilin iyun ayında IDEA-nın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Regional İnkişaf İctimai Birliyinin tərəfdaşlığı ilə başlanılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd ovçularda təbiətə qarşı məsuliyyətli davranışı təşviq etmək, ovlanması qadağan edilmiş fauna növlərinin öldürülməsi və ovçuluq fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hallarının qarşısının alınmasıdır.

Layihə çərçivəsində məsuliyyətli ovçuluqla bağlı ictimaiyyət, xüsusilə ovçular arasında geniş maarifləndirilmə işləri həyata keçirilib. Bu xüsusda qeyd edilməlidir ki, IDEA tərəfindən ölkəmizin ovçuluq ənənəsi, təbiətimizin və biomüxtəlifliyin mühafizəsinin əhəmiyyəti, ətraf mühitin qorunması kimi dəyərlərin əks olunduğu və məsuliyyətli ovçuluğun təşviqinə həsr olunmuş videoçarx hazırlanıb. Həmçinin, ictimaiyyətin, xüsusilə də ov həvəskarlarının məlumatlandırılması məqsədilə layihə tərəfdaşları tərəfindən “Ovçuluq haqqında ümumi qaydalar”, “Balıq və digər su bioresurslarından istifadə qaydaları” və “Qırmızı Kitabdan çıxarış” kimi maarifləndirici kitabçalar hazırlanaraq paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti