...

4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunur (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 17 Mart 2017 10:27 (UTC +04:00)
4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb.
4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra olunur (YENİLƏNİB) (FOTO)

Bakı. Samir Əli - Trend:

4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrasına başlanılıb.

Trend-in məlumatına görə, müəssisədə əfv sərəncamı ilə bağlı təşkil olunan tədbirdə çıxış edən Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov bildirib ki, martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 423 nəfər əfv edilib.

O bildirib ki, onlardan 413 nəfər azadlığa buraxılıb: "2 nəfər ömürlük məhbusun isə cəzası müddətli cəza ilə əvəzlənib. Ötən il 200 nəfər əfv edilib. Bu il iki dəfədən çox insan əfv edilib. Bu humanist addım artıq ənənə halını alıb. Bu gün 14 qadın cəzasının çəkilməmiş hissəsindən azad edilib".

Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova cəzadan azad olunan qadınları təbrik edib və onları azadlıqlarının qiymətini bilməyə çağırıb.

Ombudsman deyib ki, bu artıq Azərbaycanda 62-ci əfv sərəncamıdır: "Gələcəkdə daha humanist addımların atılacağına inanırıq. Cənab Prezidentə təşəkkür edirəm ki, bu cür humanist addımlarla bizləri və sizləri sevindirir".

4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Lətafət Qardaşxanova deyib: "2 ildir cəza çəkirəm. 6 il həbs cəzası vermişdilər. Bu gün oğlumun ad günüdür. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Sevincimin həddi-hüdudu yoxdur. Daim belə humanist addımları ilə onlar bizim yanımızdadırlar. Məni oğluma hədiyyə etdi. Dünyaya yenidən gəldim".

Çıxışlardan sonra müəssisədə cəza çəkən 14 qadın məhbus cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 16-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 423 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 412 nəfər cəzanın çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 4 nəfər, islah işləri cəzasına məhkum edilmiş 1 nəfər və cərimə cəzasına məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərin cəzası müvafiq olaraq 25 və 15 il azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib. Həmçinin, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Əfv olunanlar arasında 40 xarici ölkə vətəndaşı da var. Onlardan 13-ü İran, 6-sı Pakistan, hərəsindən 4 nəfər olmaqla Gürcüstan, Rusiya və Nigeriya, hərəsindən 3 nəfər olmaqla Çin və Türkiyə, 2 Özbəkistan və 1 Ukrayna vətəndaşı var. Həmçinin, əfv olunanlar arasında fəallar Elvin Abdullazadə və Əbdül Əbilov da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti