...

ƏƏSMN-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş idman yarışları başa çatıb (FOTO)

Cəmiyyət Materials 3 May 2017 16:59 (UTC +04:00)

Bakı. Trend:

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummill lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan idman (mini-futbol və şahmat) yarışları başa çatıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mini-futbol turnirinin qalib komandaları arasında keçirilən final yarışını nazirliyin rəhbərliyi də izləyib.

Qalib komandanın üzvlərinə kubok və medalların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ümummilli lider Heydər Əliyevin öz xalqının müqəddəratını tənəzzüldən inkişafa doğru dəyişən, bu istiqamətdə müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti ilə tarixin ən şərəfli səhifələrini yazan görkəmli şəxsiyyətlər sırasında əbədi yer tutduğunu vurğulayıb. Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və uzunmüddətli inkişaf yoluna səfərbər olması üçün ulu öndərin misilsiz xidmətlərindən bəhs edib: “Dövlət quruculuğu prosesini əhalinin sosial maraqlarının təminatı prinsipindən ayırmayan Heydər Əliyev bazar iqtisadiyyatının formalaşmasına yönələn islahatlar şəraitində dövlətin etibarlı sosial müdafiə sisteminə malik olması üçün vacib əsasların yaradılmasını təmin edib. Heydər Əliyevin imzaladığı sənədlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, habelə orta aylıq əmək haqqının 6 dəfədən çox artırılmasına, əmək və sosial təminat, məşğulluq, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə hüquqi bazanın yaradılmasına nail olunub. Eyni zamanda, Ulu Öndərin təsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ölkədə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin qurulmasına şərait yaradıb”.

S.Müslümov diqqətə çatdırıb ki, Heydər Əliyevin milli inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütün istiqamətlər üzrə yüksək səviyyədə davam etdirilməsi 2003-2016-cı illər ərzində ölkədə ümumi daxili məhsul istehsalının 8,4 dəfə, orta aylıq əmək haqqının 6,4 dəfə, əhalinin gəlirlərinin 7,9 dəfə artması ilə nəticələnib: “Heydər Əliyev tərəfindən formalaşdırılan və Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində ildən-ilə güclənən dövlət sosial müdafiə sistemi bu gün əhatəliliyi ilə seçilən bir sistemdir. Müasir sığorta-pensiya sisteminin mövcud olduğu son on ildə pensiya sisteminin büdcəsi 5,8 dəfə çoxalmaqla, əmək pensiyalarına yönələn xərclərdə 5,9 dəfə, pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım qeydə alınıb. Sosial müavinət və yardımların, təqaüdlərin də mütəmadi artırılmasına nail olunub”.

Dövlət başçısının tapşırıqları əsasında son illərdə əmək və sosial müdafiə sisteminin müasir texnologiyaların geniş tətbiqi şəraitdə modernləşdirildiyini qeyd edən nazir müvafiq sahələr üzrə əhaliyə elektron müstəvidə sürətli, rahat və şəffaf xidmətlərə çıxış imkanları yaradıldığını bildirib: “Ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi nəzərə alınaraq, hər il Ulu Öndərimizin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idman turnirləri təşkil olunur. Cari ildə də bu ənənə davam etdirilib, nazilrik əməkdaşları arasında mini-futbol və şahmat yarışları təşkil olunub və bu yarışlar artıq yekunlaşıb. Bu tədbirlər idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır”.

Daha sonra nazir ilk yerləri tutan qalib komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti