...

Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimi keçirilib

Cəmiyyət Materials 15 Sentyabr 2017 15:04 (UTC +04:00)
Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.
Fransız-Azərbaycan Universitetinin yeni binasının açılış mərasimi keçirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdən sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu gün Azərbaycan-Fransa münasibətlərində əlamətdar bir gündür.

XXI əsrdə münasibətlərin formalaşmasında təhsilin xüsusi rol oynadığını deyən nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə təhsilin inkişafına xüsusi önəm verir.

M.Cabbarov qeyd edib ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkədə neft-qaz sənayesinin inkişafına öz töhfəsini verib.

Nazirin sözlərinə görə, UFAZ-a qəbul üçün edilən müraciətlərin sayında artım olub: "Tələbələrdən gözləntilərimiz yüksək akademik göstəricilərlə təhsili başa vurmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə verməkdir".

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib ki, bu tədris ilində yeni binada təhsil alacaq tələbələrdən yeni ümidlər gözləyirlər:

"Strasburq Universitetinin tələbəsi olmuşam. Mən bu universitetdəki təhsildən aldığım məmnuniyyəti sizə də arzulayıram. Sizin ölkəniz təbii ehtiyatla zəngin bir ölkədir. Amma ən əsas zənginlik insanın biliyidir. Buna görə də sürətlə dəyişən dünyada zəmanənin tələblərinə cavab vermək üçün həm fransalı, həm də azərbaycanlı tələbələr yaxşı çalışmalıdırlar. Çox şadıq ki, layihənin icrası üçün biz seçildik. Mən rektor Mustafa Babanlıya da xüsusi minnətdarlıq edirəm ki, o, bu layihənin icrasına bu qədər xüsusi diqqət göstərir".

Jan-Batist Lömuan deyib ki, son 2 ildə UFAZ-a təxminən 300 tələbə daxil olub: "Bu, o deməkdir ki, bu təhsil ocağı artıq nüfuz qazanıb. Biz bu göstəricidən məmnunuq".

Xəbər lenti

Xəbər lenti