...

Polşa yığmasının məşqçisi: Azərbaycan güclü yığmadır

Cəmiyyət Materials 23 Sentyabr 2017 21:50 (UTC +04:00)

Bakı. Şahin Kazımzadə - Trend:

Bizim artıq Avro-2017-nin 1/4 final mərhələsində olmağımız haqqında danışmaq üçün hələ tezdir. Sentyabrın 24-ü bizi Azərbaycan yığması ilə qrupun ən çətin oyunu gözləyir.

Trend-in məlumatına görə, bunu Polşa yığmasının məşqçisi Yatsek Navrotski Macarıstan üzərində qazandıqları 3-1 hesablı qələbədən sonra deyib.

O, bildirib: "Bəli, bizim 2 oyundan sonra 5 xalımız var. Lakin Azərbaycan yığmasında oyunun nəticəsini dəyişə biləcək qədər güclü voleybolçular var".

Onun sözlərinə görə, Macarıstanla oyunun bəzi komponentləri Polşa yığmasının zəif tərəflərini göstərdi və bu zəif tərəfləri sabahkı görüşə qədər yığışdırmaq lazımdır.

Avro-2017-nin favoritləri arasında o, Serbiya, Hollandiya, Rusiya, Türkiyə və İtaliya yığmalarının olduğunu bildirib: "Əlbəttə, mən Azərbaycan komandasını unutmuram, onlar çox güclü və təhlükəlidirlər".

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.

Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti