...

Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər günü qeyd olunub

Cəmiyyət Materials 5 Oktyabr 2017 13:05 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər günü qeyd olunub.
Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər günü qeyd olunub

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) müəllimlərin peşə bayramı münasibətilə bu gün möhtəşəm tədbir keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri BANM-in rektoru Elmar Qasımov giriş sözü ilə açaraq müəllimləri təbrik edib və ümummilli lider Heydər Əliyev müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, Azərbaycan gənclərinin formalaşmasında olan xüsusi rolundan danışıb.

Rektor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin may ayının 1-də Bakı Ali Neft Məktəbinin yeni və əzəmətli kampusunun açılışında iştirak edərək ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işləri xüsusi vurğulayaraq, Ali Məktəbin ölkəmizin təhsil sistemində qazandığı uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir: "Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. “Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri var”.

Bakı Ali Neft Məktəbinin ilk məzunlarından biri, Neft-qaz mühəndisliyi ixtisasının məzunu, o cümlədən SOCAR Polymer şirkətinin əməkdaşı Gülnar Hüseynli çıxış edərək bildirib ki, Ali Məktəbdə təhsil aldığı 5 il ərzində müəllim adının necə şərəfli bir peşə olduğunu, bu müqəddəs amala xidmət edən pedaqoji kollektivin - doğma müəllimlərinin onun bir kadr kimi yetişməsində sonsuz əməyinin olmasını qürur hissi ilə bildirib.

Tədbirdə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti