Bakı. İlhamə İsabalayeva – Trend:
Yaşıllıqların mühafizəsi məqsədi ilə genetik modifikasiya olunmuş, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsinə və onun hüdudlarından kənara aparılmasına yol verilməyəcək.
Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin yeni təsdiqlədiyi “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası"nda öz əksini tapıb.
Qaydaya əsasən, ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycana gətirilməsi və onun hüdudlarından kənara aparılması Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən verilmiş idxal karantin icazəsi, təkrar ixracat fitosanitar sertifikatının və fitosanitar sertifikatları əsasında həyata keçiriləcək.
Karantin tətbiq edilən zərərli orqanizmləri yaya bilən ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycanın ərazisinə idxal karantin icazəsi olmadan gətirilməsinə yol verilməyəcək.
Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan ixrac olunan ağac, kol, gül-çiçək və ot bitkiləri və onların genetik materialları sərhədə çatdırıldıqda verilmiş təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatları gömrük orqanlarına təqdim edilməlidir.
Qeyd edək ki, bu qaydalar qaydalar yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan ərazisinə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edir.
Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrində əkilməsi, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması nəzərdə tutulan bitkilərə şamil edilmir.
Azərbaycan üçün xarakterik, nadir və kökünün kəsilməsi təhlükəsi olan, həmçinin mühafizəsinin gücləndirilməsi tələb olunan ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının (yabanı flora növlərinin) beynəlxalq ticarəti "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında" Konvensiyaya (CITES) uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə/sertifikat əsasında həyata keçıriləcək.