...

Mərakeş "ASAN xidmət" təcrübəsini öyrənir (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2017 11:04 (UTC +04:00)
"ASAN xidmət"in nümayəndə heyəti Mərakeşdə səfərdədir.
Mərakeş "ASAN xidmət" təcrübəsini öyrənir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Mərakeş Krallığının paytaxtı Rabat şəhərində səfərdədir.

ASAN-dan Trend-ə verilən məlumata görə, səfərin məqsədi iki ölkə arasında dövlət xidmətlərinin təşkili və sosial innovasiyalar üzrə fəaliyyət göstərən dövlət qurumları ilə tərəfdaşlıq münasibətlərinin qurulması və genişləndirilməsidir.

Bildirilir ki, səfərin ilk günü Dövlət Agentliyinin sədri İnam Kərimov Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkader ilə görüşüb. Görüşdə Dövlət Agentliyinin sədri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət”in şəffaflığın artırılması və müasir texnologiyların tətbiqi baxımından səmərəli model kimi tanınması diqqətə çatdırılıb. Görüşdə “ASAN xidmət” təcrübəsinin öyrənilməsi üzrə əməkdaşlıqla bağlı ilkin razılıq ifadə edilib.

Sonra nümayəndə heyəti sənətkarlıq və sosial iqtisadi məsələlər üzrə dövlət naziri Cəmilə Əl Musalli ilə görüşüb. Dövlət naziri ilə keçirilən görüş zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə yaradılan “ABAD” (“Ailə Biznesinə Asan Dəstək”) mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Görüşdə qurumlar arasında qeyd edilən sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından razılıq əldə olunub. Hər iki sahə üzrə müvafiq dövlət qurumları arasında Anlaşma Memorandumunun imzalanması təklif olunub.

Görüşlərdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Tarik Əliyev və “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (Azinnex) üzvləri də iştirak ediblər.

Səfər çərçivəsində Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) rəhbərliyi arasında görüş keçirilməsi və tərəflər arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti