...

İraq Təhlükəsizlik Xidməti İŞİD nəzarətindəki ərazilərdə azərbaycanlı uşaqların olub-olmamasını yoxlayır

Cəmiyyət Materials 10 Noyabr 2017 12:49 (UTC +04:00)
İraqın Milli Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının nəzarətində olan ərazilərdə azərbaycanlı uşaqların olub-olmamasını yoxlayır.
İraq Təhlükəsizlik Xidməti İŞİD nəzarətindəki ərazilərdə azərbaycanlı uşaqların olub-olmamasını yoxlayır

Bakı. Ləman Zeynalova - Trend:

İraqın Milli Təhlükəsizlik Xidməti İŞİD terror təşkilatının nəzarətində olan ərazilərdə azərbaycanlı uşaqların olub-olmamasını yoxlayır.

Bunu Trend-ə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şüveyli deyib.

Onun sözlərinə görə, uşaqların qaytarılmasının təxmini tarixləri bu qurum tərəfindən müəyyənləşdirilir.

O qeyd edib ki, İraqın Milli Təhlükəsizlik Xidməti yoxlamanı başa çatdırdıqdan sonra növbəti prosedurlar Azərbaycanın Bağdaddakı səfirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Diplomat uşaqların dəqiq sayı barədə məlumata sahib olmasa da xatırladıb ki, uşaqlardan biri bir müddət əvvəl Azərbaycana təhvil verilmişdi: “Bu sahədə əlaqələndirilmiş fəaliyyət hər iki ölkə hökumət tərəfindən davam etdiriləcək”.

Qeyd edək ki, iki azərbaycanlı uşaq - 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla İŞİD-dən azad olunmuş Suriya ərazisində tapılmışdı. Onlar bu ərazilərin azad olunmasından sonra təhlükəsizlik qüvvələri tərəfindən İraqa gətirilmişdi. 4 yaşlı Abdulla isə bu yaxınlarda Azərbaycana gətirilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev bildirib ki, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulmuşdu: "Onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib, bir çoxu isə döyüş zamanı həlak olub. İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Əməkdaşlarımız hazırda İraqdadırlar və araşdırırq ki, bu məlumat düz və ya səhvdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti