...

DGK və Azərbaycan Milli Antidopinq Agentliyi memorandum imzalayıb (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2017 16:40 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
DGK və Azərbaycan Milli Antidopinq Agentliyi memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük uğurlar qazanılıb. Bədən tərbiyəsi və idman ölkəmizin bütün regionlarında kütləvi xarakter alıb.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı sayəsində çoxlu sayda olimpiya idman komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanı nəhəng idman hərəkatının yaşandığı məkanlardan biri kimi tanıdıb. Son illər Azərbaycan mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Təsadüfi deyil ki, Bakı şəhərində keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının təşkilat komitələrinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu beynəlxalq tədbirlər hazırlanaraq möhtəşəm idman və dostluq bayramları kimi tarixə yazılıb. Bu uğurlar Azərbaycanı idman ölkəsi kimi nəinki regionda, həm də bütün dünyada lider mövqeyə yüksəldib.

İdmanın Azərbaycanda dövlət siyasəti olduğunu vurğulayan Komitə sədri bu siyasətin uğurla və inamla davam etdirilməsi işində idmanla məşğul olan bütün qurumlarla yanaşı, dövlət orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. A.Əliyev DGK və Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq əlaqələrinin də bu işə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli rəhbəri olduğu agentliyin yarandığı qısa müddət ərzində ölkə idmanının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib. Agentliyin idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə məqsədi ilə yaradıldığını söyləyən direktor bu istiqamətdə aidiyyəti təşkilatlarla əməkdaşlıq əlaqələrindən bəhs edib.

Ş.Hüseynli DGK ilə əməkdaşlığın da dopinq vasitələrinin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizəni gücləndirəcəyinə, idmanda dopinqə qarşı mübarizə haqqında qanunvericiliyin, antidopinq qaydalarının, beynəlxalq standartların, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və razılaşmaların tələblərinə əməl olunmasına müsbət təsir edəcəyinə əminliyini deyib.

Görüş başa çatdıqdan sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında” Memorandumun imzalanması mərasimi olub.

Sənədi DGK sədri Aydın Əliyev və Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti