...

ADU-nun Belarusla əlaqələri genişlənir (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2018 00:24
Növbəti əməkdaşlıq müqaviləsi Minsk Dövlət Linqvistik Universiteti ilə imzalanıb
ADU-nun Belarusla əlaqələri genişlənir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində daha bir uğura imza atıb. Fevralın 2-də ölkəmizin bu nüfuzlu ali təhsil müəssisəsi ilə Belarusun Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla və Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova imzalayıblar.

Universitetin İctimaiyyətlə əlaqə Departamentin-dən Trend-ə verilən məlumata görə, mərasimdə çıxış edən ali məktəb rəhbərləri imzalanmış müqavilənin tərəflər qarşısında geniş imkanlar açdığını vurğulayıblar. Qeyd olunub ki, bu sənəd universitetlər arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsini, professor-müəllim heyətinin ixtisaslarının artırılması sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini, birgə elmi nəşrlərin hazırlanmasını, müştərək elmi konfransların, simpoziumların, seminarların və s. təşkilini nəzərdə tutur.

Minsk Dövlət Linqvistik Universitetinin rektoru N.Baranova ADU-nun təşkilatçılığı ilə keçiriləcək, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş «Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası» adlı konfrans barədə məlumatlı olduqlarını və Təşkilat Komitəsinin razılığı olacağı təqdirdə bu möhtəşəm konfransın bir bölməsinin iclasını da Minskdə, rəhbərlik etdiyi universitetdə təşkil etməyə hazır olduqlarını deyib.

Azərbaycan xalqının ümummilli liderinin xatirəsini əziz tutduqlarına görə belaruslu həmkarlarına minnətdarlığını bildirən akademik K.Abdulla Təşkilat Komitəsinin sədri kimi bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Professor N.Baranova Minsk Dövlət Linqvistik Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmaq istədiklərini də vurğulayıb. Bu ideyanı yüksək qiymətləndirən K.Abdulla Azərbaycana göstərdikləri marağa görə həmkarına təşəkkürünü bildirib. Bu işdə ADU-nun köməyini əsirgəməyəcəyini qeyd edən rektor rəhbərlik etdiyi universitetdə də Belarus dili və mədəniyyəti mərkəzinin yaradılacağını deyib. Daha sonra rektor K.Abdulla öz belaruslu həmkarına “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabını hədiyyə edib.

Təkliflər imzalanma mərasimi iştirakçıları tərəfindən də maraqla qarşılanıb.

İmzalanma mərasimindən sonra Azərbaycanın Belarusdakı səfirliyinin də iştirakı ilə təşkil olunmuş, böyük ədib Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə tədbiri baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq keçirilən mərasimdə Çin, Türkiyə, Türkmənistan və Tacikistanın Belarusdakı səfirləri, eləcə də Belarusun ölkəmizdə səfiri olmuş və Azərbaycanın dostu kimi tanınan Nikolay Paskeviç, Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Belarusdakı səfiri L.S.Qəndilov Hüseyn Cavidin yaradıcılığı haqqında geniş məlumat verib. Öz növbəsində ADU-nun rektoru K.Abdulla bu gün Azərbaycanda Hüseyn Cavid irsinə böyük ehtiramla yanaşıldığını, Cavidin təbliğatçısı olduğu multikulturalizm ideyalarının xalqımızın həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik bu sahədə Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Prezident İlham Əliyevin bu xətti əzmlə həyata keçirdiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” elan olunduğunu qeyd edib.

Daha sonra minskli tələbələr belarus və rus dillərində Hüseyn Cavidin şeirlərini səsləndirib, əsərlərindən parçalar oxuyublar. Belarus sənətkarlarının ifasında səslənən Azərbaycan musiqisi nömrələri də tamaşaçıların alqışları ilə qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti