...

Azərbaycan Universiteti müsabiqənin qalibinə 800 manat pul mükafatı təqdim edib (FOTO)

Cəmiyyət Materials 15 Mart 2018 17:39 (UTC +04:00)
Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri elan olunub.
Azərbaycan Universiteti müsabiqənin qalibinə 800 manat pul mükafatı təqdim edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Universiteti tərəfindən elan olunan “Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin qalibləri elan olunub.

Universitetdən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirza Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci yerə layiq görülüb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirli isə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə isə 400 manat pul mükafatı və müvafiq sertifikatlar təqdim olunub. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Müsabiqənin bu gün keçirilən mükafatlandırma mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov, müsabiqənin tərəfdaşı Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini prof. Nurəli Yusifbəyli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru prof. Elçin Zeynalov, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) Ekologiya İnstitutunun direktor müavini prof. Nəsimi Kazımov, Nəsimi rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsinin rəisi Elbrus Abdullayev, “Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov, müsabiqə komissiyasının üzvləri, müsabiqənin finalçıları və elmi rəhbərləri, universitetin müəllim – tələbə heyəti iştirak edib.

Tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarx vasitəsi ilə tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər və dəyərləndirilmə kateqoriyaları, iştirakçılar və finalçılar haqqında məlumat çatdırılıb.

Çıxışılarda müsabiqənin, o cümlədən mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətinə toxunulub, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat verilib.

Universitetin elmi işlər üzrə prorektoru prof. Yusif Qasımov tədbiri açıq elan edib və finalçılara uğurlar arzulayıb.

Müsabiqənin tərəfdaşı Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini prof. Nurəli Yusifbəyli alternativ və bərpa olunan enerji mənbələri sahəsində dünyada və ölkəmizdə baş verən proseslər haqqında qısa arayış təqdim edib. Qonaq qeyd edib ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsinə geniş yer ayrılıb və ölkəmizdə son illər əldə olunan uğurlar Prezident İlham Əliyevin bu sahəyə xüsusi qayğı və diqqəti nəticəsində baş verir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru prof. Elçin Zeynalov fondun fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Müdafiə Sənayesi Nazirliyinin MAKA Ekologiya İnstitutunun direktor müavini prof. Nəsimi Kazımov bildirib ki, ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti alternativ və bərpa olunan enerji mənbələrindən geniş istifadəyə imkan yaradır.

Müsabiqə komissiyasının üzvü, AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, fizika riyaziyyat elmləri namizədi Elxan Səbziyev təqdim olunan işləri şərh edərək qeyd edib ki, müsabiqə həm də təhsildə çatışmazlıqların aradan qaldırılmasına xidmət edir.

“Social Innnovation Lab” beynəlxalq təşkilatının icraçı direktoru Cəsur Həsənov təşkilatın fəaliyyəti haqqında danışıb.

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev müsabiqənin mövzusu və aktuallığının əhəmiyyətini vurğulayıb və tədbirin işinə uğurlar arzulayıb.

Mükafatlandırma mərasimi müsabiqənin qalibi Alirza Orucovun “Təmiz ada” mövzusunda elmi işini iştirakçılar üçün təqdim etməsi ilə başa çatıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova isə dördüncü yerə layiq görülüb və Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti