...

Belçikanın Ham şəhərində Novruz şənliyi (FOTO)

Cəmiyyət Materials 24 Mart 2018 10:32 (UTC +04:00)
2018-ci il martın 23-də Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən birgə ənənəvi Novruz şənliyi təşkil olunub.
Belçikanın Ham şəhərində Novruz şənliyi (FOTO)

Bakı. Trend:

2018-ci il martın 23-də Belçikanın Ham şəhərində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti və Ham bələdiyyəsi tərəfindən birgə ənənəvi Novruz şənliyi təşkil olunub.

Tədbirdə Belçika və Ham şəhəri ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun üzvləri, eləcə də Azərbaycanın Belçikadakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı Ham şəhərinin meri Dirk De Vis, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi və səfirlik nümayəndəsi çıxış edərək bu qədim bayramın önəmindən bəhs edib, onun Avropa şəhərlərində qeyd edilməsinin Azərbaycanın zəngin milli-mədəni irsinin beynəlxalq tanınmasına xidmət etdiyini qeyd ediblər. 2009-cu ildən etibarən UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmiş Novruzun Ham şəhəri misalında müxtəlif mənşəli şəxsləri bir araya gətirmək kimi keyfiyyətə malik olmaqla, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşma aşılayaraq hazırkı təlatümlü dünyada mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Habelə 2017-ci ildə Ham şəhərinin bələdiyyə binası qarşısındakı mərkəzi meydanda ucaldılmış "Qarabağ atı" abidəsinin Azərbaycan və Belçika arasında sıx dostluq əlaqələrinin rəmzi olduğu xüsusi vurğulanıb.

Bunun ardınca Novruz ənənələri haqqında videoçarx nümayiş etdirilib və Azərbaycan xalqının bayram adət-anənələri haqqında iştirakçılara məlumat verilib.

Tədbirin sonunda azərbaycanlı müğənni Çingiz Mustafayev tərəfindən Azərbaycan musiqi nümunələri ifa olunub və iştirakçılar tərəfindən böyük rəğbərlə qarşılanıb. Daha sonra milli şirniyyat və mətbəx nümunələrindən ibarət bayram süfrəsi açılıb.

Tədbir yerli mətbuatda işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti