...

Sahil bağında "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2018 14:31 (UTC +04:00)
Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib.
Sahil bağında "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Səbail rayonunun mərkəzindəki “Sahil bağı”da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon məktəbliləri və gənc rəssamların iştirakı ilə "Heydər Əliyev və Azərbaycan" mövzusunda rəsm müsabiqəsi keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bayramsayağı bəzədilmiş “Sahil bagı”da böyük abadlıq isləri aparılıb, park başdan-başa yenilənib, müxtəlif kompozisiyalar hazırlanıb.

Rayonun orta məktəblərində, həmçinin Bakı Oksford məktəbində oxuyan 200-dən çox məktəbli, ali məktəblərin tələbələri, 100-dən çox gənc rəssam Ulu Öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın portretlərini, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən müxtəlif rəsmlər çəkiblər. Tanınmış rəssamlar, eləcə də müəllimlər məktəblilərə rəsmlərin çəkilişində müvafiq məsləhətlər veriblər.

Eyni zamanda, parkda gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlərdən ibarət sərgi də nümayiş etdirilib, sərgi tədbirin qonaqları və parka toplaşan paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Gənc rəssamlar öz əsərlərinin nümayisi vaxtı tamaşaçılara əsərləri ilə bağlı izahlar veriblər.

Rayon musiqi məktəblərinin ansablları, solistləri, rəqqasları Sahil parkına toplaşanlar üçün konsert proqramları ilə çıxış ediblər. Məktəblilərin iştirakı ilə müxtəlif fleşmoblar keçirilib.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimovun rəhbərliyi, Uşaq Yaradıcılıq Mərkəzinin və rayon nümayəndələrinin iştirakı ilə yaradılmiş münsiflər heyəti məktəblilərin rəsmlərinə baxaraq qalibləri müəyyən edib. Müsabiqənin qalibləri Səbail RİH-nin Fəxri Fərmanları və hədiyyələri ilə, digər iştirakçılar və sərgidə əsərləri nümayiş etdirilən gənc rəssamlar Səbail RİH sertifikatları ilə mükafatlandırılıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail Rayon Təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, tanınmış ictimai xadim Fəxriyyə Xələfova və digər rəsmi qonaqlar, rayonun idarə, təşkilatlarının rəhbərləri, ali məktəb rektorları, pedaqoji kollektivlərin, veteranların və ictimaiyyətin nümayəndələri parkı gəzib, məktəblilərin çəkdikləri rəsmlər, parkdakı sərgi və burada yaradılan gül kompozisiyaları ilə tanış olub.

Gün ərzində davam edən sərgi və rəsm müsabiqəsi tədbirdə iştirak edən şəhər sakinləri və rayon ictimaiyyəti nümayəndələrinin diqqətini cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti