Bakı. Trend:
1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) akt zalında tədbir keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Qaradağ RİH başçısı Süleyman Mikayılov peşə bayramı münasibəti ilə bütün prokurorluq işçilərini təbrik edib, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ümummilli lider, ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib.
Tədbirdə S.Mikayılov Prezident İlham Əliyevin xüsusi diqqət və qayğıkeşliyini vurğulayaraq bildirib ki, Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdir.
Prokurorluq sistemində səmərəli fəaliyyətinə görə və Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə rayon prokurorluğunun bir neçə əməkdaşı rayon RİH başçısının fəxri fərmanı və xatirə hədiyyəsi ilə təltif olunub.