...

Çexiya nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında olub (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2018 16:54 (UTC +04:00)
Çex Respublikasının Cənubi Çexiya regionunun nümayəndə heyəti İsmayıllı rayonuna 3 günlük səfər edib.
Çexiya nümayəndə heyəti “Azərxalça”nın İsmayıllı filialında olub (FOTO)

Bakı. Trend:

Çex Respublikasının Cənubi Çexiya regionunun nümayəndə heyəti İsmayıllı rayonuna 3 günlük səfər edib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin regionun Qluboka şəhərinin meri Tomas Sirşanın rəhbərlik etdiyi, rəsmi şəxslərin və sahibkarların təmsil olunduğu nümayəndə heyəti səfər çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialı ilə də tanış olub.

Qonaqlara məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 2016-2018-ci illərdə respublikamızın bölgələrində 11 filialı fəaliyyətə başlayıb. İsmayıllı filialı bu ilin avqust ayında Azərbaycan Prezidentinin iştirakı ilə istifadəyə verilib.
Filial binasında 150 toxucunun və 14 inzibati-təsərrüfat işçisinin çalışması üçün müasir iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Xalça-satış salonunda xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçirilir.

Bildirilib ki, hazırda filialda müxtəlif ölçülü 43 dəzgahda 80-dən çox toxucu çalışır. Toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Toxucuların çoxu gənclərdir.

Qeyd olunub ki, İsmayıllı filialında Şirvan qrupuna aid xalçaların toxunmasına üstünlük verilir. Qədim dövlətçilik ənənələrinin təşəkkül tapdığı Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Bu xalçalar dünya alimlərinin, səyyahların diqqətini cəlb edib, tarixi mənbələrdə, səyahətnamələrdə dəfələrlə yüksək sənət nümunələri kimi qeyd olunub. Bu gün dünyanın əksər nüfuzlu muzeylərində qiymətli Şirvan xalçaları saxlanılır. Peşəkar toxucular öz yaradıcılıq məharətlərini al-əlvan xalçalar üzərində həndəsi, nəbati, zoomorf ornamentlər vasitəsilə reallaşdırıblar. İsmayıllıda fəaliyyət göstərən toxucular bu ənənələri davam etdirirlər, unudulmaqda olan qədim çeşnilərimizi toxuyaraq xalçaçılığın yaşadılmasına öz töhfələrini verirlər.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət göstərən 10 filialı arasında seçilən, əmək funksiyalarını və qarşıya qoyulan vəzifələri peşəkarlıqla yerinə yetirən, istehsalatda yüksək göstəricilər əldə edən filiallar mükafatlandırılır. Bu il avqustun əvvəlində aparılan qiymətləndirmə zamanı İsmayıllı filialı bu kriteriyalar üzrə seçilərək birinci yerə layiq görülüb. Ona görə də kollektiv mükafatlandırılıb. Belə mükafatlandırmalar sağlam rəqabətə səbəb olur, toxucuları daha yaxşı xalça toxumağa sövq edir.

Qonaqlar burada toxunan xalçalara heyran olduqlarını bildiriblər.

Xatırladaq ki, Azərbaycanın İsmayıllı şəhəri Çex Respublikasının bu regionu ilə tərəfdaşlıq əlaqələri qurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti