Bakı. Trend:
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Qazax rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.
IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Qazax rayonunda ayrılan 2 ha ərazidə 1000 ədəd ərik ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.
Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli və Göygöl rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.
Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.
Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən olmaqla ümumilikdə 18560-ə yaxın meyvə ağacları əkilib və 57 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.
Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcək.
Qeyd edək ki, Qazax rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.