Bakı. Trend:
Dünyanın ən böyük natiqlik yarışmasını həyata keçirən “The English-Speaking Union” təşkilatının tərəfdaşı olan “Azerbaijan Public Speaking Competition” çərçivəsində 2-3 mart, 2019-cu il tarixində yarımfinal mərhələsi baş tutub.
Trend-in məlumatıan görə, beynəlxalq proqram çərçivəsində iştirakçılar peşəkar və beynəlxalq təcrübəyə malik təlimçilər tərəfindən 20 saatlıq təlim kursunda iştirak etdikdən sonra 4 gün ərzində yarımfinal çıxışları üçün mentorların köməyilə öz təqdimatlarını hazırlayıblar. Bu mərhələ yekunlaşdıqdan sonra iştirakçılar yarımfinal mərhələsində “Gələcəyi təxmin etməyin ən yaxşı yolu onu kəşf etməkdir!” mövzusu ətrafında çıxışlar ediblər. Çıxışlar münsif heyəti tərəfindən beynəlxalq meyarlara əsasən qiymətləndirilib.
Ən yüksək balla qiymətləndirilən 10 nəfər finala vəsiqə qazanıb. Finalçıları sizə təqdim edək:
Vaqif Qasımov - Bakı-Oksford Məktəbi
Səadət Xəlilova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Nərgiz Əli - Azərbaycan Tibb Universiteti
Lamiyə Hüseyn - “Dünya” Məktəbi
Raul Məmmədov - “Dünya” Məktəbi
Adil Qafarlı - Bakı Mühəndislik Universiteti
Murad Şahməmmədli - Dünya Məktəbi
Ləman Əlipaşayeva - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziya
Eldar Əliyev - Dövlət Gömrük Komitəsinin Akademiyası
Solmaz Fətullayeva - Azərbaycan Memarlıq və İnşaat Universiteti
Yarışmanın qalibi tələbə və şagirdlər arasında Azərbaycanın ən yaxşı natiqi seçiləcək və 13-17 May tarixlərində dünyanın ən böyük natiqlik yarışması olan “Beynəlxalq Natiqlik Yarışması”-nda ölkəni təmsil etmək hüququ qazanacaq.
APSC (Azerbaijan Public Speaking Competition) dünya təcrübəsini tətbiq edərək Azərbaycanda gələcək liderləri, natiqləri yetişdirən platformadır.
APSC Britaniyanın 100 ildən artıq təcrübəyə malik ESU “The English-Speaking Union” təşkilatının tanınan tərəfdaşıdır. Əməkdaşlıq çərçivəsində, qalib olan şəxslər beynəlxalq yarışmada iştirak üçün hər il Londona səyahət edirlər.
Eyni zamanda, APSC Amerika Birləşmiş Ştatlarının PSA “Public Speakers Association” təşkilatı ilə əməkdaşlıq edir. Hər il müxtəlif ölkələrdə baş tutan “Beynəlxalq Natiqlər Konfransı” dünyanın hər yerindən korporativ işçiləri, şirkət rəhbərlərini, natiqləri, biznes liderlərini bir araya gətirir. Konfransda Azərbaycandan seçilən şəxslər iştirak edirlər.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az