...

Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir

Cəmiyyət Materials 3 Aprel 2019 10:39 (UTC +04:00)
Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir.
Cəlil Xəlilov: Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı digər dövlətlərə nümunədir

Bakı. Trend:

Prezident İlham Əliyevin müxtəlif kateqoriyalar üzrə vətəndaşların sosial müavinətlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial rifahının yüksəldilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə böyük minnətdarlıq hissi ilə qarşılanıb. Dövlətimizin başçısının 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır.

Trend-in məlumatına görə, bu fikirləri aprelin 2-də Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına münasibət bildirərkən deyib.

Cəlil Xəlilov qeyd edib ki, dövlətimizin başçısı Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi veteranları və əlilləri, Çernobıl hadisəsi, Əfqanıstan müharibəsi iştirakçıları ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bu sərəncamlarda veteranların sosial şəraitinin yaxşılaşdırılması, onların ev, avtomobillə təmini, sosial müdafiəsinin gücləndirilməsi və sair məsələlər əksini tapıb. Bütün bu addımlar insanların sosial rifahının yüksəldilməsinə hesablanıb. Həmin addımlar cəmiyyət, eləcə də respublikamızda fəaliyyət göstərən bütün qurumlar, o cümlədən Respublika Veteranlar Təşkilatı tərəfindən də rəğbətlə qarşılanıb. Təşkilatın Rəyasət Heyəti bununla bağlı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Polkovnik bildirib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu yöndə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Bu günədək müharibə əlilləri üçün çoxlu sanatoriyalar, reabilitasiya, protez mərkəzləri və sair inşa edilib. Bu müəssisələr müasir avadanlıqla təchiz olunub. Veteranların və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşması, sosial rifahının yüksəlməsi, müalicə və reabilitasiya prosesinin daha səmərəli olması üçün dövlət bütün imkanlarından istifadə edir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin sosialyönümlü çoxsaylı layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir.

“Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğı digər dövlətlərə nümunədir. Veteran ailələrinə də dövlət tərəfindən yardımlar edilir. Müxtəlif ölkələrin nümayəndələri ölkəmizə, Respublika Veteranlar Təşkilatına təşrif buyuranda və veteranlara göstərilən qayğını, yaradılan şəraiti görəndə bizə qibtə edirlər. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Bütün bunlar veteranlara dövlət qayğısının bariz nümunəsidir.

Gənclərimiz, ordumuzda xidmət edən zabitlər, hərbi məktəblərdə təhsil alan kursantlar da dövlətimizin başçısının veteranlara qayğısını görürlər. Onlar bilirlər ki, Vətən uğrunda sağlamlığını itirən şəxslərə dövlət tərəfindən ən yüksək səviyyədə diqqət göstərilir. Həmin şəxslərin dövlət qarşısındakı xidmətləri həm dövlət təltifləri ilə qiymətləndirilir, həm də sosial yardımlarla təqdir edilir. Onların ailə üzvləri də müəyyən imtiyaz və yardımlardan istifadə edirlər. Bütün bunlar gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Respublika Veteranları Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə mütəmadi görüşürlər. Müharibə veteranlarının arzu və istəklərinə, onları narahat edən problemlərin həllinə xüsusi diqqət və həssaslıqla yanaşırlar. Bütün bunları görən gənclər anlayırlar ki, dövlət qarşısında xidməti olan şəxslər heç vaxt diqqətdən kənarda qalmırlar. Odur ki, hər bir Azərbaycan vətəndaşı Prezidentimizin ətrafında sıx birləşməli, yeni uğurların qazanılmasına əməli işi ilə töhfə verməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qrupların rifah halının yüksəldilməsi sahəsində növbəti mühüm addımdır. Sərəncamda həmin kateqoriyalardan olan vətəndaşların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillərlə təminatının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

Eyni zamanda, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) verilən Prezident təqaüdünün məbləği artırılaraq 150 manat müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti