...

İlahiyyat İnstitutu Qubada abituriyentlərlə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2019 00:18 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.
İlahiyyat İnstitutu Qubada abituriyentlərlə görüş keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir.

Aİİ-dən Trend-ə verilən məlumata görə, institutun növbəti səfəri Quba rayonuna olub.

Quba Rayon İcra Hakimiyyəti aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov görüş iştirakçılarını salamladıqdan sonra bildirib ki, müasir dövrdə cəmiyyətimizin tələbatına cavab verən təhsil sisteminin inkişafı və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi bu sahənin yenilənməsinə gətirib çıxarır.

İnstitut haqqında məlumat verən Aİİ İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Kövsər Tağıyev çıxışında ali təhsil müəssisəsinin tədris prosesi, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında geniş məruzə ilə çıxış edib.

Bildirib ki, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətləri hökm sürür. Tələbələrin daha yaxşı təhsil almaları üçün İnstitutda yaradılan şəraitdən söhbət açan K.Tağıyev gənclərin bacarıqlı kadr kimi yetişmələri istiqamətində görülən işlərdən danışıb.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tədris olunan fənlər haqqında məlumat verib. O, ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğunu bildirib. Qeyd edib ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik olan alimlər tərəfindən aparılır.

Aİİ-nin Magistratura və Doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti