...

Yazgül Abdiyeva: Tibbi ləvazimatların istehsalının qısa zaman ərzində təşkili ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanını göstərdi

Cəmiyyət Materials 12 Aprel 2020 09:15 (UTC +04:00)
Mütəxəssis: Azərbaycanın səhiyyə sistemində görülmüş köklü işlər koronavirusla mübarizədə mühüm rol oynayır
Yazgül Abdiyeva: Tibbi ləvazimatların istehsalının qısa zaman ərzində təşkili ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanını göstərdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada tibbi ləvazimatlara tələbatın artdığı bir zamanda Azərbaycanda onların istehsalının qısa zaman ərzində təşkil olunması ölkəmizin qlobal təhdidlərə çevik reaksiya vermək imkanının olduğunu və onun iqtisadiyyatının gücünü bir daha göstərdi.

Bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. COVİD-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə tibbi ləvazimatların çatışmazlığı müşahidə edilir.

Azərbaycanda da belə problemin müşahidə edildiyini deyən mütəxəssis qeyd edib ki, bəzi dövlətlərdən fərqli olaraq, ölkəmiz yaranmış bu problemi qısa zaman ərzində həll edə bildi:

"Hər kəsə məlum idi ki, artan tələbatla əlaqədar ölkədə maska qıtlığı var idi. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Tibbi maskalar Azərbaycanda yoluxma hallarının azaldılmasına kömək edəcək. Lakin sözsüz ki, yoluxmanın azaldılması üçün tədbirlərin görülməsi yalnız dövlətdən deyil, həm də vətəndaşların məsuliyyətli olmasından asılıdır".

Y.Abdiyeva bildirib ki, Azərbaycanın səhiyyə sistemində görülmüş köklü işlər, insanların müayinədən keçə bilməsi üçün yaradılan imkanlar də koronavirusla mübarizədə mühüm rol oynayır:

"Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Ölkəmizdə 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub, hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Hazırda koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə isə 575 çarpayıdan ibarət, ölkəmizin ən müasir və "Yeni klinika" adlanan xəstəxanası onların ixtiyarına verilib. Bu ilin mart ayında ölkəmizin 3 şəhərində koronavirus xəstələri üçün yeni xəstəxanalar istifadəyə verilib. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur".

Mütəxəssis xüsusi olaraq vurğulayıb ki, koronavirusa qarşı mübarizə üçün əhəmiyyətli maliyyə vəsaitinin tələb olunduğu bir dönəmdə ölkə rəhbərliyi koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırıb. Bu isə dövlətimizin hər bir vətəndaşına - həm tibbi xidmətə ehtiyacı olan insanlara, həm də onlara xidmət edən səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti