Bakı. İlhamə İsabaleva – Trend:
Postpandemiya dövründə həkimlərə sosial güzəşt və imtiyazların verilməsi barədə düşünülməlidir.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, hazırda qanunvericilikdə həkimlər üçün xüsusi sosial güzəştlər nəzərdə tutulmayıb:
“Həkimlik dünyada hər zaman nüfuzlu peşə olub. Amma bazar iqtisadiyyatına keçid dövründə post-sosialist ölkələrində həkimlərin statusu xeyli aşağı düşdü. Düşünürəm ki, postpandemiya dövründə dünyadakı bütün həkimlərin həm statusları, həm də cəmiyyətdəki mövqeləri yüksələcək. Mart ayında Prezident İlham Əliyev yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzaladı. Fikrimcə, postpandemiya dövründə Azərbaycanda həkimlərə müəyyən güzəşt və imtiyazların verilməsi üçün addımların atılması lazımdır”.
M.Quliyev bildirib ki, bütün həkimlərin ipoteka kreditlərindən şərtsiz yararlanması, aşağı faizli kreditlərin verilməsi, əməkhaqlarının və onlara stajlarına görə verilən əlavələrin məbləğinin artırılması, pensiyaya çıxma hüquqlarının genişləndirilməsi, sosial təminatlarının yüksəldilməsi ilə bağlı müəyyən addımların atılması lazımdır.
Komitə sədri hesab edir ki, bu güzəşt və imtiyazlar yalnız dövlət sektorunda işləyən həkimlərə deyil, özəl sektorda işləyənlərə də şamil olunmalıdır.