...

ADA Universiteti Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə Hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir

Cəmiyyət Materials 27 May 2020 11:32 (UTC +04:00)
ADA Universiteti Almaniyanın Halle-Vittenberq Universiteti ilə birgə Hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir

Bakı. Trend:

ADA Universitetinin Hüquq proqramı Martin Lüter adına Halle-Vittenberq Universitetinin (“Martin Luther University Halle-Wittenberg”) Hüquq Məktəbinin birgə əməkdaşlığı ilə Hüquq üzrə doktorantura səviyyəsinə sənəd qəbulu elan edir.

ADA Universitetindən Trend-ə verilən məlumata görə, ADA Universitetinin 2018-ci ildən etibarən fəaliyyətə başlayan Hüquq proqramının tədqiqat imkanlarını genişləndirmək, professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini inkişaf etdirmək məqsədilə həyata keçirilən Proqram bu sahə üzrə aparıcı hüquqşünaslar yetişdirməyi hədəfləyir.

Hüquq üzrə doktorantura proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Ali təhsil pilləsinin hüquq üzrə magistratura səviyyəsini bitirən, ingilis və ya alman dilləri üzrə lazımi tələbləri qarşılayan, eləcə də tədqiqat və akademik yazı bacarıqlarına malik Azərbaycan Respublikasının vətəndaşları Proqrama müraciət edə bilərlər.

Proqram ərzində Martin Lüter adına Halle-Vittenberq Universitetini (MLU) təmsil edən elmi rəhbərlərin və ADA Universiteti professorlarının akademik dəstəyindən yararlanacaq tələbələrdən MLU tərəfindən təqdim ediləcək hüquq və tədqiqat metodologiyası üzrə müxtəlif kursları tamamlamaları, Doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa çatdırmaq üçün isə fərdi iş planı hazırlamaları tələb olunacaq. Qeyd edək ki, uğurlu doktorantura tələbələri ADA Universitetinin Hüquq Proqramının akademik və digər fəaliyyətlərində iştirak etmək fürsəti əldə edəcəklər.

Xatırladaq ki, təhsil müddəti 4 il yarımdır. Proqramı uğurla başa vuran tələbələr Martin Lüter adına Halle-Vittenberq Universitetinin Hüquq üzrə fəlsəfə doktoru diplomuna layiq görüləcəklər.
Hüquq üzrə doktorantura proqramına müraciət edəcək namizədlərdən sənədlərini onlayn qaydada təqdim edərək cari ilin 29 iyun tarixinədək müraciətlərini tamamlamaları xahiş olunur.

Aşağıdakı keçid vasitəsilə Hüquq üzrə doktorantura proqramına müraciət qaydaları və lazımi sənədlər barədə ətraflı məlumat əldə etmək mümkündür:
https://bit.ly/2ZIAwh6

Məqalədə:
Xəbər lenti

Xəbər lenti