Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda anomal isti günlərin sayının artmasına baxmayaraq, günvurma halları xeyli azalıb.
Bunu Trend-ə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, 2006-cı ildən sonra kəskin istilər zamanı tibbi meteoroloji xəbərdarlıqların verilməsi sayəsində əhali arasında günvurma hallarının sayı əvvəlki dövrlə (1995-2005-ci illər) müqayisədə xeyli azalıb:
“Məsələn, 2005-ci ildə havanın temperaturunun 35 dərəcədən yüksək olduğu günlərin sayı 17, günvurma hallarının sayı 230 olub. Amma 2010-cu ildə müvafiq olaraq 44 günə 160, 2014-cü ildə isə 20 günə 47 hadisə qeydə alınıb”.
R.Məmmədov əlavə edib ki, son onilliklərdə Bakıda hər il isti hava dalğası müşahidə edilir. Bakıda ən güclü isti dalga isə 2010-cu ildə qeydə alınıb.