...

AKƏM üzv təşkilatlarının onlayn görüşü keçirilib

Cəmiyyət Materials 25 İyun 2020 12:21 (UTC +04:00)
AKƏM üzv təşkilatlarının onlayn görüşü keçirilib

Bakı. Trend:

23 iyun 2020-ci il tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) keçən dövr ərzində gördüyü işlər və gələcək fəaliyyətini müzakirə etmək məqsədilə üzv təşkilatların və AKƏM Katibliyinin iştirakı ilə növbəti onlayn görüşü keçirilib.

Trend-in məlumatına görə, görüş çərçivəsində xüsusi karantin rejiminin sərtləşməsi fonunda AKƏM-in həyata keçirəcəyi növbəti tədbirlər müzakirə olunub, gələcək layihələr barədə təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iyun ayı ərzində həyata keçirilmiş “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində Respublikanın 31 rayon və şəhərində, eləcə də Bakı şəhərinin rayonlarında 300-dən çox könüllünün iştirakı ilə 200 minə yaxın vətəndaş maarifləndirilib.

Həmçinin, 80 minə yaxın vətəndaşı əhatə etmiş “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” maarifləndirmə aksiyaları çərçivəsində 200-dən çox könüllü insanların kütləvi toplaşma yerlərində sosial məsafənin qorunmasını təmin edib, koronavirus (COVID-19) pandemiyası dövründə zəruri davranış qaydaları barədə maarifləndirmə işləri aparıblar.

Bundan başqa, hazırda da davam edən “Könüllüdən Məktub” aksiyası çərçivəsində könüllülər tərəfindən ümumilikdə 1000-ə yaxın məktub yazılıb. Könüllülər üçün keçirilən onlayn viktorina və müsabiqədə isə 644 könüllü iştirak edib.

Həmçinin, könüllülərin Milli Qurtuluş gününə həsr olunmuş onlayn tədbirini 10 min nəfərdən çox insan izləyib.

Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti