Bakı. Samir Əli - Trend:
TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edir. İnsanların maska taxmasına nəzarət edə bilmir.
Trend-in məlumatına görə, bunu bu gün Nazilər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, maskadan istifadəyə nəzarət səlahiyyəti qurumun səlahiyyətində deyil: "Biz maska taxmaları üçün vətəndaşlara müraciət edirik, amma onlara nəzarət etmək səlahiyyətində deyilik. Bəzi vətəndaşlar elə bilirlər ki, maskanı taxmamaqla kimisə aldadırlar. Amma bilmirlər ki, maska taxmaqla özlərini və ətrafdakıları qoruyurlar.
Qaydalar sərtləşdikcə vəziyyət gərginləşir. Marketlərdə hər kəsin üzərinə bir polis qoya bilmərik. Bunun üçün ictimai qınaq olmalıdır. Ona görə də maskasız olan vətəndaşlar qınaq obyektinə çevrilməlidir".