...

Rəşad Mahmudov: Bəhram Bağırzadə ECMO aparatından ayrılıb

Cəmiyyət Materials 1 İyul 2020 09:23 (UTC +04:00)
Rəşad Mahmudov: Bəhram Bağırzadə ECMO aparatından ayrılıb

Bakı. Asif Mehman - Trend:

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti ləng də olsa tədricən yaxşılaşır.

Bunu Trend-ə açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Bəhram Bağırzadə EKMO aparatından ayrılıb:

“Bildiyiniz kimi, Bəhram Bağırzadənin müalicəsi 17 günə yaxın idi ki, EKMO cihazına bağlı olaraq davam etdirilirdi. EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq dünən saat 11 radələrində EKMO cihazından ayırma qərarı verilmişdir. Hazırda süni tənəffüs aparatı vasitəsi ilə özünün agciyərinin köməyi ilə digər orqanların oksigenlə təminatı mümkün olmaqdadır. Eləcə də ağciyərlərin rentgen görüntülərində son bir həftə içində seyir edilən müsbətə doğru dəyişikliklər bizi sevindirməktədir. Dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırılan Bəhram Bağırzadənin hələ ki, komadan oyandırılması cəhdi düşünülmür. Hazırda ehtimal edilən bakterial superinfeksiyalar nəzarətə alındıqdan sonra, qarşıdakı 3-5 gün ərzində bədənin bütün orqanlarına öz ağciyərləri vasitəsi ilə kifayət qədər oksigen təminatı müşahidə olunarsa, eyni zamanda ağciyərlərində bu günə qədər izlənilən müsbət dinamika davam edərsə, komadan oyandırma və süni nəfəs aparatından ayırma planları qurula bilər. İntensiv müalicəsi davam edən xəstəyə tibbi nöqtəyi nəzərdən ehtiyac olan bütün müalicələr tətbiq olunur, lakin gedişatın nəticəsi barədə indidən dəqiq məlumat vermək əfsuslar olsun ki, mümkün deyil. Reanimatoloq, infeksionist, pulmunoloq və digər aidiyyatı ekspertlerin rəyləri ümidvericidir. Bu mərhələyə qədər olan tədbirlər uğur kimi sayıla bilər, amma ağciyərin bundan sonrakı fəaliyyəti zamanla özünü göstərəcəkdir.”

Qeyd edək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları tərəfindən təcili olaraq gecə konsilium keçirilmiş və xəstənin EKMO cihazına qoşulmasına qərar verilmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi".

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti