...

Türkiyədən dəvət olunmuş tibb mütəxəssisləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsinə cəlb olunublar

Cəmiyyət Materials 28 İyul 2020 12:11 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verdiyi göstərişə uğun olaraq yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə daha bir qrup əcnəbi tibb mütəxəssisi Azərbaycana dəvət edilib.

Bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) məlumat verilib.

Bildirilib ki, agentliyin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə sözügedən sahədə çalışan qardaş Türkiyənin “Acıbadem” xəstəxanalar və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunublar. Onlar koronavirusla mübarizə sahəsində çalışmış və xəstəliyin müalicəsində geniş təcrübə qazanmış yüksəkixtisaslı həkim və tibb bacılarından ibarətdir.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları ölkəmizdə koronavirusla mübarizəyə ayrılmış “Yeni Klinika” tibb müəssisəsində olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar. Onlar koronavirusa yoluxan və ağır simptomları olan xəstələrin müalicəsində yerli mütəxəssislərə dəstək olacaqlar.

Qeyd edək ki, Agentlik ilk günlərdən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti