Bakı. Trend:
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanovun tapşırığına əsasən müqəddəs Qurban bayramı münasibətilə 500-dən artıq aztəminatlı kəlbəcərli ailə, o cümlədən, Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələri ilə onların müvəqqəti məskunlaşdıqları yaşayış yerlərində görüş keçirilib.
Trend-in məlumatına görə, İctimai Birliyin fəalları görüş iştirakçılarını təşkilatın rəhbərliyi adından salamlamış, bayram təbriklərini çatdırmışlar. Görüşlərdə iştirak edən aztəminatlı ailələrin və şəhid ailələrinin nümayəndələri, eyni zamanda Qarabağ müharibəsi veteranları və əlillər dövlət başçısı İlham Əliyevin bütün vətəndaşların, o cümlədən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər gördüyünü xüsusi vurğulayıblar. Onlar eyni zamanda qeyd ediblər ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi də mütəmadi olaraq, xüsusilə də əlamətdar günlərdə, bayramlarda qaçqın və məcburi köçkünləri, müharibə veteranlarını, şəhid ailələrini, əlilləri ziyarət edir, onların qayğıları ilə maraqlanır, problemlərinin həlli ilə məşğul olurlar.
Hər zaman dövlətə, ölkə başçısının apardığı siyasətə sadiq olduqlarını bildirən kəlbəcərlilər eyni zamanda əminliklərini ifadə ediblər ki, ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində onlar doğma torpaqlarına dönəcəklər və gələcək müqəddəs bayramları öz yurd-yuvalarında qarşılayacaqlar.
Görüşlərdə hər bir aztəminatlı ailənin, şəhid ailəsinin, müharibə veteranının və əlillərin problemləri və istəkləri diqqətlə dinlənilib, 500-dən artıq aztəminatlı kəlbəcərli ailə, o cümlədən, Qarabağ müharibəsi veteranları, əlillər və şəhid ailələrinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin bayram sovqatları təqdim olunub.