Bakı. Elçin Mehdiyev - Trend:
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən tədbirlər sırasında bu qəbildən olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması böyük aktuallıq daşıyır. Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə keçirilən şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində məlumat verilib ki, şəhid ailələri və müharibə əlilləri təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər:
“Müvafiq kateqoriyadan olan vətəndaşlara 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək artıq 430 mənzil təqdim olunub. Respublikamızda şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillərin və fərdi evlərin verilməsi proqramının uğurla icra ediləcəyinə əminliyini bildirən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ümumilikdə 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edlib və 7 minə yaxın avtomobil verilib.
Bu il bütövlükdə 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcək. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub”.
S.Hüseynova vurğulayıb ki, eyni zamanda, sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur:
“Yeri gəlmişkən, qeyd edim ki, bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilib və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb”.
Deputat qeyd edib ki, ümumiyyətlə, pandemiya şəraitində ölkədə heç bir sosial layihələr, o cümlədən infrastruktur layihələri təxirə salınmayıb:
“Pandemiyanın vurduğu zərərin qarşısının üçün sosial-iqtisadi sahədə mühüm addımlar atılıb, Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı təsdiq olunaraq icra edilir. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Bilirsiniz ki, bugünlər Prezident İlham Əliyev bölgələrə səfər edib. Dövlət başçısı Qobustanda, İsmayıllıda, Balakəndə, Şəkidə və Qəbələdə səfərdə olarkən bir sıra sosial və iqtisadi xarakterli obyektlərin açılışını etdi. Buraya modul tipli xəstəxanalar, yeni yollar, mədəniyyət, xidmət mərkəzləri və s. daxildir. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizdə uğurlu siyasət həyata keçirilir və heç bir sosial layihə təxirə salınmır.
Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətin mahiyyəti dəyişməz olaraq qalır. Hansı ki, işğalçı Ermənistan və ölkəmizdəki “5-ci kolon”un nümayəndələri neftin qiymətinin azalmasına sevinirdilər ki, bunun nəticəsində ölkədə ciddi sosial-iqtisadi problemlər yaşanacaq. Onlar ümid edirdilər ki, bundan da öz məqsədləri üçün istifadə edərək Azərbaycanda sabitliyi pozmağa çalışacaqlar. Amma onların niyyətləri iflas oldu. Azərbaycanda nəinki sosial layihələr, həmçinin infrastruktur layihələrinin heç biri ixtisara düşmədi. Bununla da, Azərbaycan Prezidenti bir daha sübut etdi ki, dövlətimizin siyasətinin mahiyyəti dəyişməzdir və davamlıdır. Çünki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman onun vətəndaşı və vətəndaşının yüksək rifah vəziyyətinin yaradılması məqsədi dayanır”.