...

Deputat: COVİD-19-la mübarizədə bütün mümkün vasitələrin tətbiqinə dəstək olmalıyıq

Cəmiyyət Materials 21 Avqust 2020 09:11 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Məlumdur ki, əhali arasında “COVİD-19”a qarşı immunitetin öyrənilməsi məqsədilə seroloji testlərin tətbiqinə başlanıb. Mütəxəssislər də vurğulayır ki, seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının vacib parçasıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu, ilk növbədə əhali arasında “COVID-19”un keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsi üçün vacibdir:

“Ən önəmlisi isə budur ki, məhz bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirmiş, immunitet qazanmış insanların sayı müəyyənləşəcək ki, bu da təhlükənin minimuma endirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir. Çünki mütəxəssislərin gəldiyi qənaət də bundan ibarətdir ki, virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizədə adekvat yanaşmalar seçməyə imkan verəcək.

Artıq beynəlxalq təcrübədə də, xüsusilə əhalisi virusa ən çox yoluxan şəhərlərdə seroloji testlərlə bağlı müxtəlif ciddi tədqiqatlar aparılıb. Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib.

Azərbaycanda testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılır. Vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar. Nəzərə alsaq ki, qarşıda bizi respirator xəstəliklərin aktivləşdiyi mövsüm gözləyir. Bu mənada vətəndaşlarımız tibb mütəxəssislərinin tövsiyələrinə ciddi yanaşaraq, virusdan qoruyan bütün mümkün vasitələrin tətbiqinə dəstək olmalıdır. Çünki vaksin tapılmayana qədər COVİD-lə mübarizə prioritet olaraq qalır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti