...

Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüşü keçirilib

Cəmiyyət Materials 11 Sentyabr 2020 14:27 (UTC +04:00)
Azərbaycan evləri və "Qarabağ" məktəbləri rəhbərlərinin mətbuat nümayəndələri ilə videogörüşü keçirilib

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə xaricdə fəaliyyət göstərən Azərbaycan evləri və “Qarabağ” həftəsonu Azərbaycan məktəbləri rəhbərlərinin ölkəmizdəki KİV nümayəndələriylə virtual görüşü təşkil edilib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə Berlin, Münhen, Köln (Almaniya), Varşava (Polşa), Tallin (Estoniya), Zalsburq (Avstriya), Ankara (Türkiyə), Kiyev (Ukrayna), Budapeşt (Macarıstan), Barselona (İspaniya) şəhərlərində və Marneuli (Gürcüstan) rayonunda fəaliyyət göstərən Azərbaycan evlərinin, Nant (Fransa) və Bern (İsveçrə) şəhərlərindəki “Qarabağ” məktəblərinin rəhbərləri, "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərtac, Trend, Apa, Publika, Report və s. media qurumlarının nümayəndələri, müstəqil jurnalistlər və Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Azərbaycan evlərinin və "Qarabağ" məktəblərinin rəhbərləri çıxış edərək evlərin və məktəblərin yaranma tarixi, fəaliyyəti, həyata keçirdikləri müxtəlif layihələr, pandemiya dönəminin sərt karantin mərhələsi və Tovuz hadisələri zamanı atılan addımlar barədə ətraflı məlumat veriblər.

Tədbir jurnalistlərin suallarının cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə davam edib. KİV nümayəndələrinin sualları Qarabağ həqiqətlərinin təbliği ilə bağlı göstərilən təşəbbüsləri, pandemiya dönəmində soydaşlarımızın dəstəklənməsi məqsədilə atılan addımları, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə əməkdaşlıq və s. məsələləri əhatə edib.

Sonda Azərbaycan evlərinin və Qarabağ məktəblərinin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti