...

Təhsilalanların 50-60 faizi distant tədris prosesində iştirak edir - Ekspert

Cəmiyyət Materials 11 Noyabr 2020 11:13 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Müşahidələrimizə əsasən, əksər universitetlərdə və orta məktəblərdə təhsil verənlərin böyük hissəsi və təhsilalanların 50-60 faizi distant tədris prosesində iştirak edir.

Bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycan ərazisində də COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesi distant olaraq davam etdirilir:

“Təhsil Nazirliyinin müraciətinə əsasən müharibə şəraiti ilə əlaqədar internet məhdudlaşdırılmalarının distant təhsil platformlarına tətbiqi aradan qaldırılıb. Eyni zamanda, paytaxt və rayonlarda təhsilalanların onlayn təhsildə iştirak edə biləcəyi mərkəzlər müəyyənləşdirilib və bu resurslara əlçatanlığında problem yaşayanların bu mərkəzlərin xidmətindən yararlanma imkanları var. Buna görə təhsil müəsisələrinin əhəmiyyətli bir hissəsində təhsil prosesini distant olaraq davam etdirmək mümkün oldu. Eyni zamanda virtual məktəb layihəsi və teledərslərlə prosesə dəstək verilir”.

E.Süleymanov qeyd edib ki, bu prosesdə tələbə və şağirdlərdən gələn iradlar daha çox internetin sürəti və texniki avadanlıqların yetərsizliyi ilə bağlı idi. Bu problemin başadüşülən olduğunu söyləyən ekspert qeyd edib ki, COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün həyata keçirilən mübarizə tədbirləri çərçivəsində təbiq edilən karantin müddətində telekommunikasiya xidmətlərinə tələbat dəfərlərlə artdığından online dərslər, seminarlar, iclaslar və s. ötürülən trafikin 40%-dan çox artmasına səbəb olub.

Ekspert əlavə edib ki, dərsin təşkilatçısı, birbaşa icraçisı müəllim olduğu üçün onların İKT bacarıqları, veb- platformların imkanlarından istifadə bilikləri də əhəmiyyət kəsb edir:

“Müasir tədris formalarından istifadə edərək, həmçinin texnolji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi zamanın tələblərindən biridir. Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin təhsilin mənimsənilməsində müəyyən qədər təsiri var”.

E.Süleymanov bildirib ki, onlayn dərs prosesi bilvasitə şagirdlərin ev mühitində keçirildiyindən valideynlərin də bu prosesdə iştirakını zəruri edib. Belə ki, valideynlər dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə köməklik göstərməli, dərslərin effektiv keçməsi üçün şərait yaratmalıdırlar:

"Müəllim 35-45 dəqiqə ərzində hər hansı mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənməsini təmin edir. Bu zaman yaranan istər internet problemləri, istər texniki problemlər, istər şagirdlərin, həm də müəllimlərin özlərinin də bu prosesə adaptasiyası kimi zaman tələb edən problemlərə baxmayaraq, bu qarışıq dönəm şəraitində bütün ölkə məktəbləri və müəllimləri əldə olan mövcüd vasitə və üsullardan istifadə edərək dəsrlərini keçməyə cəhd edirlər. Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafı da təmin edilməsi vacib bir komponentdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti