...

Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Naidə Novruzova “diabetik pəncə” ilə bağlı sualları cavablandırıb

Cəmiyyət Materials 14 Noyabr 2020 14:01 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Naidə Novruzova “diabetik pəncə” ilə bağlı sualları cavablandırıb

Bakı. Trend:

14 noyabr Ümumdünya Diabet Günüdür. Bu günlə əlaqədar diabetin ən təhlükəli fəsadlaşmalarından biri sayılan “diabetik pəncə” ilə bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim-endokrinoloqu Naidə Novruzova cavablandırıb.

Dr.Naidə Novruzova 2008-ci ildə Sankt-Peterburq Pavlov adına Dövlət Tibb Universitetinin müalicə işi fakultəsini bitirmişdir. 2008-2009-cu illərdə Əfəndiyev adına şəhər klinik xəstəxanasında internatura təhsili almışdır. 2015-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-endokrinoloq kimi çalışır.

Dr.Naidə Novruzova bir çox yerli və beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edən tibb işçilərindən biridir. O, 2012-ci ildə Rusiyanın Moskva şəhərində "Endokrin patologiyalı xəstələrdə hamiləliyin planlaşdırılması və aparılması" kursunda, 2014-cü ildə Bakıda II EASD ixtisas artırma kursunda, 2019-cu ildə isə Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında endokrinologiya sahəsi üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.

Dr.Naidə Novruzova ölkəmizdə eləcə də xaricdə endokrinologiya sahəsi üzrə fəaliyyət göstərən bir çox təşkilatların üzvüdür.

Naidə xanım, bildiyiniz kimi 14 noyabr Ümumdünya Diabet Günüdür. Bu günlə əlaqədar olaraq diabetin ən təhlükəli fəsadlaşmalarından biri olan “diabetik pəncə” ilə bağlı Sizə suallarım olacaq. Öncədən mövzu ilə əlaqədar suallarımızı cavablandırıdığınız üçün təşəkkür edirəm.

Doktordiabetik pəncə” nədir və biz ayağın amputasiya olumasından necə qoruna bilərik? İlk növbədə oxucularımıza bu barədə məlumat verə bilərsiniz?

- Diabetik pəncə sinir sisteminə, qan damarlarına, oynaq və aşağı ətraflara təsir edən pəncədə xora şəklində təzahür edən ətrafların amputasiyasına gətirib çıxaran təhükəli vəziyyətdir. Diabetik pəncə kifayət qədər tez rast gəlinən bu və ya digər dərəcələrdə diabet xəstələrində təxminən 2-10% hallarda təzahür edən, 15 % hallarda isə amputasiyaya gətirib çıxaran ağırlaşmadır. Buradan belə çıxır ki, diabetik pəncənin müalicəsinin əsas məqsədi ayaqların qorunmasıdır. Beləliklə sağlamlığımıza ciddi nəzarət etməklə diabetik pəncənin inkişafının qarşısını alaraq amputasiyadan xilas ola bilərik.

Doktor bəs diabetik pəncə nə zaman yaranır?

- Dekompensasiya olunmuş şəkərli diabet davamlı olaraq şəkərin qanda səviyyəsinin yüksək olmasıdır ki, bu da öz növbəsində qan-damar və sinir sisteminin zədələnməsinə gətirib çıxarır. Məhz diabetik neyropatiya diabetik pəncənin inkişafında pataloji kaskad rolunu oynayır. Diabetik pəncənin əsas təhlükəli ağırlaşmaları ətrafların qanqrenası və amputasiyası sayılır. Ayaqların qorunması məqsədilə diabet xəstələri müalicə və qidalanma-pəhrizə, pəncə dərisinə qulluğa, ayaqqabı seçiminə dair həkim tövsiyyələrinə ciddi riayət etməlidirlər. Şəxsi sağlamlığa laqeyd yanaşma nəinki ayaqların itirilməsinə hətta ölümə belə səbəb ola bilər.

Doktor bu cür ciddi ağırlaşmalardan necə qorunmaq lazımdır və nə vaxt həkimə müraciət edilməlidir?

- Əgər sizdə şəkərli diabet varsa siz mütəmadi olaraq ayaqlara nəzarət etməli, ayaqlarda təzahür edən ən kiçik dəyişiklik zamanı belə müalicə həkiminizə müraciət etməlisiniz. Xüsusilə ayaqlarda ağrı, batma, yanma, keyimə; fiziki aktivlik zamanı sağrı, bud və baldır əzələlərində ağrı yaxud spazm; ayaq barmaqlarında, pəncə və baldır dərisində tüklərin tökülməsi; ayaq dərisində quruluq və çatların olması; aşağı ətraflarda dərinin rənginin və temperaturunun dəyişməsi; ayaqlarda qalın və sarı rəngdə dırnaqların yaranması; göbələk infeksiyanın əlamətlərinin olması; yara, xora, qabarcıq, infeksiyalaşmış döyənək yaxud “ətə batan" dırnaq əlamətləri artıq şəkərli diabet xəstələri üçün siqnal rolunu oynamalıdır. Sadalanan bu əlamətlərə əhəmiyyət verilmədikdə ciddi ağırlaşmalarla nəticələnə bilərlər. Buna baxmayaraq şəkərli diabet xəstələrinin böyük əksəriyyəti vaxtında müalicəyə başlamaqla ağırlaşmaların qarşısını ala bilərlər. Ona görə də sadalanan əlamətlərin hər hansı biri ilə rastlaşdıqda mütləq şəkildə həkimə müraciət edilməlidir.

Bu cür vacib məlumatlara görə çoxsağolun doktor. Sizin də qeyd etdiyiniz kimi fəsadların və ağırlaşmaların baş verməməsi üçün diabetli şəxslər diqqətli olmalıdırlar. Bəs diabetli şəxslərdə fəsadlaşmaların qarşısını almaq üçün ayaqlara düzgün qulluq necə olmalıdır?

- İlk növbədə ayaqlar hər gün sabunla yuyulmalıdır, ehmalca silinib, barmaqların arası qurudulmalıdır, corablar dəyişdirilməlidir. Bu ayaqda yaranmış yaranın infeksiyalaşmasından qoruyacaq. Əgər ayaqda yara varsa, yaranın işlənməsi-təmizlənməsi məqsədilə yod, briliant abısı və spirt istifadə olunmamalıdır. Çünki bunlar dərini qurudur. Pəncədə quruluq müşahidə olunursa bu zaman pəncənin quru dərisinə diabetli xəstələr üçün olan xüsusi qidalandırıcı kremlərdən istifadə edilməlidir. Pedikür proseduru aparılmalıdır - şəkərli diabet zamanı pəncə dərisinə və dırnaqlara qulluq yalnız estetik deyil həm də müalicəvi prosedurdur. Bu proseduru xüsusi mütəxəssis – podiatr icra edir. O, qalınlaşmış dəri və döyənəkləri kəsib təmizləyir, beləliklə ayaq altını çatların yaranmasından qoruyur. Ümumiyyətlə bu prosedur 2-3 həftədə bir mütəmadi olunmalıdır.

Bir məsələni də vurğulamaq istərdim. Diabetli şəxslər ayaqqabı seçimini düzgün etməlidirlər. Dərinin zədələnməməsi üçün ayaqqabı mütləq rahat olmalıdır. Dar və ayağı sıxan, nazik və yumşaq altlığı olan ayaqqabı alınmamalıdır. Ayaqqabı ölçüyə uyğun, yumşaq və təbii materiallardan hazırlanmış olmalıdır. Ayaqqabı günün ikinci yarısı, ayaqlarda şişkinlik-ödem daha çox rast gəlindiyi saatda seçilməlidir. Ehtiyac olan hallarda xüsusi içliklər də istifadə oluna bilər.

Doktor bəzən diabetli xəstələrdə sinirlərin zədələnməsi nəticəsində ayaqlarda hissiyatın itirilməsi müşahidə oluna bilir. Bu da bəzən yanıqlara səbəb olur. Bu baxımdan diabetli şəxslər ayaqları isti və soyuqdan necə qorumalıdırlar?

- Bəli diabet nəticəsində sinirlərin zədələnməsi hallarında ayaqlarda yanıq olsa belə hiss edilməməsi mümkündür. Bunun üçün də ayaqları yanıqdan qorumaq üçün çimərlikdə və isti asfaltda ayaqqabı geyinilməlidir, ayaqlara günəş yanığı olmaması üçün günəşqoruyucu krem çəkilməlidir, ayaqlar qızdırıcı cihazlardan və ocaq alovlarından uzaq olmalıdır və ayaqlara isidici kisə (qrelka) qoyulmamalıdır. Təbii ki, isti kimi soyuq da ayaq zədələnməsinə səbəb ola bilər. Ayaqlar üşüyürsə yataqda corab geyinilməsi tövsiyyə olunur. Qışda ayaqlar isti və quru olması üçün su keçirməyən, qalın altlıqlı ayaqqabı istifadə olunmalıdır.

Doktor təbii ki, bütün bu fəsadlaşmaların baş verməməsi üçün aşağı ətraflarda qan dövranının düzgün olması və xüsusilə ayaqlarda sərbəst qan axının olması vacibdir. Onda ayaqlara qan axınını yaxşılaşdırmaq məqsədilə hansı tövsiyyələrə əməl olunmalıdır?

- Oturanda ayaqları hündürə qaldırın. Gün ərzində bir neçə dəqiqə ayaq barmaqlarınızı hərəkət etdirin. Pəncənizi yuxarı, aşağı, içəri, bayıra hərəkət etdirməklə ayaq və pəncədə qan dövranını yaxşılaşdırmış olacaqsınız. Elastik corab yaxud dar corablar geyinməyin. Fiziki aktiv olun. Sizə xoş olan fiziki aktivlik növünü seçə bilərsiniz, məsələn, yürüyüş, rəqs, yoqa, üzgüçülük, velosiped sürmə və sairə. Ən əsası zərərli vərdişlərdən uzaq olun. Xüsusilə də siqaret çəkməyin.

Doktor sonda oxucularımıza mövzu ilə bağlı əlavə etmək istədiyiniz məqamlar var?

- Xüsusilə vurğulamaq istərdim ki, diabetik pəncə sindromunun inkişafının vaxtında aşkarlanması həddindən artıq vacibdir. Bu vaxtında müalicə və ayağın saxlanılması deməkdir. Mütəmadi ağrıların azalması sinir uclarının güclü zədələnməsi deməkdir. Bu isə sümük və oynaqların patoloji dəyişilməsi, vaxtaşırı axsama (bir neçə addımdan sonra istirahət tələb edən hallar) və diabetin ən pis ağırlaşması qanqrenaya səbəb olur. Bu həddə çatdırmamaq üçün düzgün təyin olunmuş müalicə, bütün həkim tövsiyyələrinə riayət və kontrol kifayətdir!

Naidə xanım bir daha dəyərli məlumatlara və maraqlı müsahibəyə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti